Bern şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib
Bern, 9 noyabr, AZƏRTAC
İsveçrənin paytaxtı Bern şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra səfir Fuad İsgəndərov tədbirin rəsmi açılış hissəsində qonaqları salamlayıb, ölkəmizi Zəfər Gününə aparan tarixi yol barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, regionumuzda və eləcə də dünyada cərəyan edən zamanın mürəkkəb çağırışlarına baxmayaraq, Azərbaycan Respublikası gələcəyə doğru inamla irəliləyir, hazırda regionda sülhün və yenidənqurmanın tərəfdarı kimi özünü dünyanın ən sülhpərvər ölkələrdən biri kimi tanıtmış İsveçrə Konfederasiyası ilə əməkdaşlığı genişləndirmək arzusundadır.
Tədbir rəsmi açılış hissəsindən sonra konsert proqramı ilə davam edib. Proqram Cenevrə Musiqi Konservatoriyasının 13 yaşlı azərbaycanlı gənc və istedadlı tələbəsi Ləman Seyidovanın klassik musiqi incisinin ifası ilə başlayıb, sonra isə Azərbaycan Respublikasının Əməkdar artisti, İsveçrənin dünya şöhrətli Montrö Festivalının qalibi İsfar Sarabskinin rəhbərliyi altında caz triosunun çıxışı ilə davam etdirilib. Konsert proqramı böyük maraqla qarşılanıb və musiqiçilərimizin ustalığı İsveçrə tamaşaçılarında böyük maraq oyadıb.
Tədbirdə Cenevrə və Bern şəhərlərində fəaliyyət göstərən diplomatik korpus üzvləri, İsveçrə rəsmiləri və ictimai xadimləri və Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern