Bərpaçılar Artemiziya Centileskinin əsəri altında onun avtoportretini aşkar ediblər
Bakı, 5 mart, AZƏRTAC
Uffitsi Qalereyasının kolleksiyasından italyan rəssamı Artemiziya Centileskinin (1593-1653) fırçasına məxsus “İsgəndəriyyəli Müqəddəs Yekaterina” əsərinin altında onun avtoportreti aşkar edilib. Əsəri ultrabənövşəyi və infraqırmızı şüaların köməyi ilə ətraflı öyrənən italyan bərpaçıları bu qənaətə gəliblər.
AZƏRTAC xəbər verir ki, sənətşünasların yekdil rəyinə görə, təqribən 1619-cu ildə Florensiyada çəkilmiş əsərin tamamlanmış variantında Müqəddəs Yekaterina obrazında Ferdinando Mediçinin qızı və II Kozima Mediçinin bacısı Katerina təsvir olunub. Ərə gedəndən sonra Florensiyaya köçən A.Centileskini Toskanın qüdrətli hökmdarları himayə edirdilər. Əsərin ilkin variantında rəssam özünü başında türban təsvir edib. Əsərin son variantında isə türban yoxdur və onu Müqəddəs Yekaterinanın nəcib mənşəyini göstərən tac əvəzləyib. Ehtimal ki, əsər avtoportret kimi başlanıb və müəyyən səbəblərə görə başqa cür tamamlanıb. O dövrdə rəssamlar material və kətana qənaət etmək üçün tez-tez bu üsuldan istifadə edirdilər.
İşıq və kölgə ustadı kimi tanıdan Karavaco üslubunda yaratmış Artemiziya Centileski XVII əsrin ən adlı-sanlı rəssamlarındandır. Onun ilk məşhur əsəri - “Susanna və qocalar” (1610) Karavaconun vəfat etdiyi il yaradılıb. O vaxt A.Centileskinin 17 yaşı vardı. O, rəssamlıq sənətinin sirlərini atası Oratsio Centileskidən (1563-1639) öyrənib. 18 yaşlı Artemiziya atasının emalatxanasında ailə dostu, florensiyalı rəssam Aqostino Tassinin zorakılığına məruz qalıb. A.Tassi məhkəmə qarşısında cavab verməli olub və təqsirli sayılıb.
Lakin məhkəmə prosesinin açdığı dərin psixoloji iz rəssamın yaradıcılığına təsir göstərib. O, Assuriya sərkərdəsi Olofernin başını kəsən yəhudi dul qadın Yudif haqqında süjetdə qadın qisasını təsvir edib. Əsərlərindəki qadın personajlara gəldikdə isə sənətkarların fikrincə, o, çox vaxt özünü təsvir edib. Bu tezisi sonuncu tapıntı da təsdiq edir.
Uffitsi Qalereyasının direktoru Eyke Şmidt bildirib ki, “İsgəndəriyyəli Müqəddəs Yekaterina” bərpa olunandan sonra Karavaconun “Meduza” əsərinin olduğu zalda nümayiş etdiriləcək. O deyib. “Bu, bizim 8 Mart - Beynəlxalq Qadınlar Gününə hədiyyəmizdir. Bərpaçılar bu gözəl isgəndəriyyəli şəhid qadının sirrini aça biliblər”.
Uffitsi Qalereyasında A.Centileskinin beş əsəri saxlanılır.