BEŞİNCİ AZƏRBAYCAN BEYNƏLXALQ GEOFİZİKA KONFRANSI ÖZ İŞİNİ BAŞA ÇATDIRDI
Son iş günündə Dövlət Neft Akademiyası tələbələrinin Cənubi Xəzər çökəkliyində çöküntü qatında fasilə və uyğunsuzluq səthlərinin öyrənilməsi, seysmik kəşfiyyatın ayırıcılıq qabiliyyətinin tədqiqi, mühitin sürət qanununun dəqiqləşdirilməsi, ARDNŞ-in Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinin, Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun, Türkiyə Geofizika Cəmiyyəti və Yeraltı Aramaçılıq Elmi Tədqiqat İnstitutu təmsilçilərinin geoekologiya, mühəndis geologiyası, seysmologiya problemləri haqqında məruzələri dinlənilmişdir.
Konfransın təşkilat komitəsinin qərarı ilə 10-dək ən yaxşı məruzəyə beynəlxalq forumun sponsorları – ExxonMobıl, ChevronTexaco, Unocal Khazar, Caspian Geophysical, Statoyl, Fugro və başqaları adından diplom və pul mükafatları verilmişdir.
Beşinci Beynəlxalq geofizika konfransının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
X X X
Konfransın iştirakçıları Yanardağ və Ceyranbatan palçıq vulkanlarına səfər etmişlər.
Azərbaycan Milli Geofizika Komitəsinin və Amerika Kəşfiyyat Geofizikləri Assosiasiyası Azərbaycan bölməsinin prezidenti, ARDNŞ Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinin baş direktoru, AMEA-nın müxbir üzvü Kərim Kərimov beynəlxalq tədbiri yekunlaşdırmış və onun tövsiyələrini səsləndirmişdir. Gələcəkdə yeni neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının mürəkkəb geodinamik və termobarik şəraitə malik dərin qatlarla əlaqədar olması nəzərə alınmaqla hər bir region üzrə bu işlərin metodik əsasının hazırlanması, çökmə süxur komplekslərinin kəsilişində neft-qazəmələgəlmə imkanları ilə əlaqədar, həmçinin böyük dərinliklərdə süxurların petrofiziki modelinin dəqiqləşdirilməsi məqsədi ilə tədqiqat işlərinin davam etdirilməsi, seysmofəal zonalarda yerləşən neftli-qazlı ərazilərdə və böyük yaşayış məntəqələrində geofiziki sahələrin dəyişməsini izləmək üçün monitorinqin təşkili və s. həmin tövsiyələrdəndir.
Xatırladaq ki, konfrans müddətində plenar iclaslarla yanaşı stend sessiyası da fəaliyyət göstərmiş, iştirakçılar stendlərdə qoyulmuş onlarla məruzə ilə tanış olmuşlar.
Forum iştirakçıları növbəti - VI Azərbaycan Beynəlxalq geofizika konfransını 2006-cı ilin noyabrında Bakıda keçirmək barədə qərar qəbul etmişlər.