Bəxtiyar Aslanbəyli: Uzunmüddətli alqı-satqı öhdəlikləri olmadan iri qaz layihələrinə investisiya qoymaq çətindir
Bakı, 6 iyul, AZƏRTAC
İri təbii qaz layihələrinin həyata keçirilməsi üçün uzunmüddətli alqı-satqı öhdəlikləri həlledici əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimi çərçivəsində keçirilən “İstehsalçıların baxışı - ixracatçı ölkələrdə bazar dəyişkənliyinin idarə olunması” mövzusunda panel müzakirəsindəki çıxışı zamanı deyib.
Onun sözlərinə görə, neft sektorundan fərqli olaraq, təbii qaz layihələrində investisiya qərarı verilməzdən əvvəl alıcıların müəyyənləşdirilməsi vacibdir: “Şahdəniz-2” layihəsi və Cənub Qaz Dəhlizi üzrə ümumilikdə 36 milyard dollar həcmində investisiya qoyuluşu 11 Avropa şirkətinin qazın 25 il müddətinə alınmasına dair öhdəliyi sayəsində mümkün olub”.
“Hazırkı şəraitdə 25 illik alqı-satqı öhdəliyi götürməyə hazır alıcı tapmaq xeyli çətinləşib. Bundan əlavə, beynəlxalq maliyyə institutlarının neft-qaz layihələrinin maliyyələşdirilməsinə marağının azalması da yeni layihələrin həyata keçirilməsini mürəkkəbləşdirən amillərdəndir”, - deyə Bəxtiyar Aslanbəyli bildirib.
bp-nin vitse-prezidentinin fikrincə, uzunmüddətli öhdəliklərin azalması gələcəkdə enerji ticarətində yeni biznes modellərinin formalaşmasına və istehlakçıların enerjini daha yüksək qiymətə əldə etməsinə səbəb ola bilər.
Fotoqraf - Səfiyar Məcnun