Bəyaz zirvələr qoynunda – FOTOREPORTAJ
Bakı, 25 yanvar, Orxan Kərimov (foto), Süleyman Qaradağlı, AZƏRTAC
Alp dağlarının ağ örpəyə bürünmüş zirvələri arasında füsunkar mənzərələri ilə seçilən Davosu bəzən sükutla danışan şəhər hesab edirlər. Ötən əsrin ortalarına qədər İsveçrənin bu şəhəri bir neçə yüz kilometr uzunluğunda 110-dan çox xizək yoluna malik olan məşhur kurort idi. Dəniz səviyyəsindən 1560 metr yüksəklikdə yerləşən Davos indi dünyanın ən yaxşı yüksək dağlıq kurortu sayılır. Dağ yamaclarında gəzinti yalnız xoş təəssürat, sakit təbiət mənzərələri ilə üz-üzə qalmaq deyil, həm də çox faydalıdır. Şəhərin yerləşdiyi vadinin mikroiqlimi ağciyər xəstəlikləri üçün əvəzsiz müalicə vasitəsidir.
Qış aylarında dağlar qoynundakı şəhərdə ağ rəngin hər cür çalarlarını, yazda təbiətin ən gözəl və zərif çiçəklərini görmək, yayda isə yaşıl vadilərlə üzləşmək mümkündür. Dağlardan axan sərin meh şəhərə dinclik gətirir, ruhu sakitləşdirir. Son vaxtlar Davos təkcə müalicə mərkəzi deyil, həm də turizm və idman şəhərinə çevrilib. Qış aylarında dünyanın müxtəlif ölkələrindən xizək sürmək, yayda dağ yürüşləri və velosiped turlarında iştirak etmək üçün şəhərə üz tuturlar.

Lakin Davos təkcə təmiz və saf havası ilə seçilən kurort şəhəri deyil, 1971-ci ildə isveçrəli iqtisadçı Klaus Şvabın təşəbbüsü ilə keçirilən Dünya İqtisadi Forumu şəhərin statusunu da dəyişib. Müxtəlif ölkələrdən siyasi liderlər, nazirlər, alimləi, sahibkarlar bu kiçik dağ şəhərinə toplaşaraq planetin taleyini müzakirə edirlər. Qarla örtülmüş Davos həm də qlobal qərarların qəbul edildiyi məkan rolunu oynayır. Şəhər sükut və səs, təbiət və texnologiya, sadəlik və qlobal güc arasında qurulmuş nadir bir harmoniya təsiri bağışlayır. Əbəs yerə onu “dünyanın dialoq mərkəzi” adlandırmırlar.
AZƏRTAC-ın fotomüxbiri Davosun füsunkar və məftunedici mənzərələrindən bir neçəsini fotoobyektivin yaddaşına köçürüb: dağların qoynunda sıx şam meşələri ilə baş-başa vermiş binalar, idman və kurort şəhərinin xizək yolları, dağ yürüşləri, buz meydançaları, sanki pıçıltı ilə danışan təbiət mənzərələri, arada bu sakitliyi pozan və şəhərin içindən keçən elektrik qatarları.... Elə həmin kadrlardan da İsveçrə dəqiqliyini hiss etmək olur: təmiz yollar, nizamlı binalar, gülərüz sakinlər. Kiçik kafelərdə isti şokolad içərkən pəncərədən görünən dağ mənzərəsi insanda xoş duyğular oyadır. Dağ zirvələrinə baxıb düşünmək, keçmişləri yada salmaq, bu günlə yaşamaq və gələcəyi düşünmək, düşünmək istəyirsən...