Beynəlxalq ekspert: WUF13 şəhərsalma sahəsində ən yaxşı ideyaların mübadiləsinə töhfə verir
Bakı, 21 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin inkişafına cəlb olunmuş bütün maraqlı tərəfləri bir araya gətirir və dayanıqlı urbanistikanın gələcəyinin müzakirəsi üçün unikal platforma yaradır. Forum şəhərsalma sahəsində ən yaxşı ideyaların mübadiləsinə, effektiv həll yollarının axtarışına və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.
Bu barədə AZƏRTAC-a müsahibəsində şəhərlərin dayanıqlı inkişafı üzrə beynəlxalq ekspert, “Creation Care Study Program” (CCSP) və Ətraf Mühit Liderliyi Mərkəzinin (Center for Environmental Leadership) təsisçisi, “World Evangelical Alliance”ın (WEA) “Creation Care Task Force” qurumunun icraçı direktoru Kris Elizara bildirib.
Onun sözlərinə görə, WUF13 müxtəlif ölkələrin, təşkilatların və peşəkar icmaların nümayəndələri arasında açıq dialoq üçün imkan yaradır. Agentliyin həmsöhbəti qeyd edib ki, belə platformalar yalnız uğurlu təcrübənin paylaşılmasına deyil, həm də şəhərlərin inkişafına müxtəlif yanaşmaların müzakirəsinə və ən effektiv həll yollarının birgə axtarışına imkan verir.
Ekspert vurğulayıb ki, forum şəhərlərin gələcəyinə dair ümumi baxışın formalaşdırılmasında mühüm rol oynayır. Onun fikrincə, məhz belə beynəlxalq dialoq və təcrübə mübadiləsi sayəsində ölkələr şəhər mühitinin dayanıqlı və təhlükəsiz inkişafı üçün zəruri yanaşmaları birgə hazırlaya bilərlər.
Müxbir – Tamilla Məmmədova