CƏMİYYƏT
Beynəlxalq Əmək Konfransının 109-cu sessiyasının plenar iclasında Qoşulmama Hərəkatı adından çıxış edilib
Bakı, 14 iyun, AZƏRTAC
Beynəlxalq Əmək Konfransının (BƏK) 109-cu sessiyası çərçivəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Qoşulmama Hərəkatı adından çıxış edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, A.Kərimov pandemiyanın təsirlərini aradan qaldırmaq üçün qlobal səylərin səfərbər edilməsi və gücləndirilməsində Qoşulmama Hərəkatının mühüm rolunu, Azərbaycanın Hərəkata sədrlik edən ölkə kimi bu mövzuda 2020-ci ilin mayında Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşünü uğurla keçirdiyini qeyd edib. Ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” qətnaməsinin qəbul edildiyini, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirildiyini diqqətə çatdırıb.
Nazir müavini COVID-19-un iqtisadiyyata, habelə əmək bazarına və məşğulluğa göstərdiyi mənfi təsiri qeyd edib.
İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin paylanmasında bərabərsizliyin Qoşulmama Hərəkatına üzv dövlətlərin ciddi narahatlığına səbəb olduğunu bildirən A.Kərimov, bu baxımdan “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir müavini pandemiyaya qarşı mübarizədə qlobal birgə səylərin, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan haqlarına hörmətin vacibliyini qeyd edib. Həmçinin pandemiyanın əmək bazarına mənfi təsirlərini aradan qaldırmaq, işçilərə layiqli iş imkanları yaratmaq üçün sosial dialoqun vacibliyini, bu sahədə hədəflərə çatmağa imkan verəcək fəaliyyət istiqamətləri diqqətə çatdırıb.
Qeyd edək ki, tarixində ilk dəfə virtual formatda keçirilən BƏK-in 109-cu sessiyasında 4 mindən çox Beynəlxalq Əmək Təşkilatının üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlar iştirak edir.