İQTİSADİYYAT
Beynəlxalq Enerji Agentliyi koronavirusun neft tələbatına təsirlərini açıqlayıb

Bakı, 14 fevral, AZƏRTAC
Koronavirusun yayılması ilə əlaqədar qlobal neft tələbatı 2020-ci ilin birinci rübündə azalacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, bu, 2009-cu ildən bəri ilk dəfə birinci rübdə neft tələbatının azalması deməkdir.
“Koronavirusun qlobal neft tələbatına təsiri çox böyük olacaq. İlin birinci rübündə tələbatın gündəlik 435 min barrel azalacağı gözlənilir. 2020-ci il üzrə qlobal neft tələbatının artım proqnozu sutkalıq 365 min barrel azaldılıb və 2011-ci ildən indiyədək ən aşağı səviyyə olan gündəlik 825 min barrelə endirilib”, - deyə IEA-nın hesabatında qeyd olunur.
Cari ilin ikinci rübündə neft tələbatının sutkada 1,2 milyon barrel artacağı gözlənilir.
IEA OPEC ölkələrində neft tələbatının azalacağını, lakin virusun ilin sonunadək ABŞ-ın neft şirkətlərinin tədarük artımına təsiri olmayacağını nəzərdə tutur.
Beynəlxalq Enerji Agentliyinə görə, neft istehsalçıları koronavirus səbəbindən ilin birinci yarısında hasilatı daha da azalda bilərlər.