Beynəlxalq Geologiya–Mədənçilik Forumunda 30-dan çox ölkənin sahə ekspertləri iştirak edəcək
Bakı, 8 sentyabr, AZƏRTAC
Oktyabrın 26-27-də Bakıda ilk dəfə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş Beynəlxalq Geologiya-Mədənçilik Forumu təşkil olunacaq. Hazırda foruma tam şəkildə hazırlıq gedir. Otuzdan çox ölkədə fəaliyyət göstərən sahə ekspertlərinə dəvətlər göndərilib və iştiraklar təsdiq edilib. Dəvət olunan əllidən çox qonaq arasında beynəlxalq təşkilatların rəhbərlik səviyyəsində nümayəndələri, geologiya və dağ-mədən sənayesində ixtisaslaşan institutlar və dövlət qurumlarının ekspertləri, professorlar, müəllimlər var.
Bunu Forumun media tərəfdaşı olan AZƏRTAC-a Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat katibi Nigar Orucova deyib.
Agentliyin mətbuat katibi bildirib ki, natiqlər çıxışlarını forumun dörd sessiyasına uyğun hazırlayacaqlar. Oktyabrın 26-da “Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycanın dağ-mədən sənayesinin yeri” və “Geologiya və dağ-mədən sənayesində yeni texnologiyaların və metodologiyaların tətbiqi”, növbəti gün isə “Geoekoloji problemlər və dağ mədən sənayesində ətraf mühitin qorunması” və “Geologiya və dağ mədən sənayesində hesabatlılıq və investisiya trendləri” sessiyaları keçiriləcək. Həmçinin "Aktual metallar”, “Yeni energetika erası”, “Süni intellekt”, “ Geologiyada geoinformasiya sistemləri və geoloji proseslərin modelləşdirilməsi”, “Tektonik qırılmaların zəlzələ aktivliyinə təsiri” mövzularında müzakirə panelləri təşkil olunacaq.
N.Orucovanın sözlərinə görə, həmçinin forum çərçivəsində “Springer Nature” beynəlxalq jurnalında elmi məqalələrin nəşri nəzərdə tutulur. Həmin nüfuzlu jurnalın bir nömrəsi tamamilə foruma həsr olunacaq. Belə ki, forum iştirakçıları dağ-mədən, geomühəndislik və “yaşıl” enerji mövzusunda innovativ tədqiqatlarını, elmi məqalələrini bu nömrədə dərc etmək imkanını əldə edəcəklər.
Qeyd olunub ki, forum Azərbaycanın mədənçilik və geologiya sahəsində potensialını nümayiş etdirmək üçün uğurlu platforma olacaq və ölkəmizin dağ-mədən sənayesinin beynəlxalq arenaya çıxarılması baxımından böyük rol oynayacaq.
Forumun proqramı, çıxış edəcək spikerləri və digər məlumatları tədbirin rəsmi internet səhifəsindən əldə etmək mümkündür - www.geomining.az