SİYASƏT
Beynəlxalq hüquq və Azərbaycanın azad edilmiş torpaqlarında məhv edilmiş mədəni irs
Bağdad, 15 iyun, AZƏRTAC
İraqın bir sıra kütləvi informasiya vasitələrində professor Moataz Abdel Həmidin “Beynəlxalq hüquq və Azərbaycanın azad edilmiş torpaqlarında məhv edilmiş mədəni irs” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, materialda erməni qəsbkarlarının işğal etdikləri Azərbaycan rayonlarında törətdikləri vandlizmdən bəhs olunub. Nəzərə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazilərini azad etdikdən sonra erməni vandalizmi bütün çılpaqlığı ilə üzə çıxıb. Belə ki, Azərbaycan torpaqlarında 738 tarixi abidə, 28 muzey, 4 tarixi rəsm sərgisi, 1107 mədəniyyət müəssisəsi dağıdılmışdı. Cəbrayıl rayonu ərazisində 17-ci əsrə aid məscid, Şuşa şəhərində Gövhər Ağa məscidi yararsız vəziyyətə salınmışdır. Bunlar sivilizasiyaya qarşı törədilən və bəşəri xarakter daşıyan cinayətlərdir.
Professor diqqətə çatdırıb ki, Laçın rayonunun Tarix-Diyarşünaslıq Muzeyindən 5 min, Kəlbəcər rayonunun Tarix-Diyarşünaslıq Muzeyindən isə 13 min qiymətli eksponat oğurlanaraq Ermənistana aparılıb.
Ermənistan bu hərəkətləri ilə 1954-cü ildə “Silahlı münaqişələr zamanı Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında” Haaqa Konvensiyasını və onun 1999-cu ildə imzalanmış İkinci Protokolunu kobud şəkildə pozub və bilərəkdən başqa xalqa məxsus mədəni irsi məhv etməyə çalışıb.
Törətdiyi vandalizmə görə Ermənistan cavab verməli və oğurlayıb apardığı tarixi əsərləri, muzey eksponatlarını və qiymətli əşyaları tapıb geri qaytarmalıdır.
Məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən regionda çox böyük quruculuq işləri həyata keçirir. Mədəni və tarixi abidələrin də bərpası diqqət mərkəzindədir. Artıq bir sıra dini və tarixi abidələr, muzeylər bərpa edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad