Beynəlxalq konfransda “ASAN xidmət”in təlim sistemi təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təlim sektorunun müdiri Nazənin Hüseynova konfransda “Səmərəli təlim sistemi Azərbaycanın idarəetmə brendi olan “ASAN xidmət” in prinsiplərindən biridir” adlı məruzə ilə çıxış edib.
Konfransda Prezident İlham Əliyevin Azərbaycanda digər sahələrlə yanaşı, kadr potensialının inkişafına verdiyi xüsusi önəm diqqətə çatdırılıb, insan resurslarının formalaşdırılması üçün aparılan islahatlardan, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafın nəticəsində dövlət idarəetməsinin, həmçinin vətəndaşlarla vəzifəli şəxslər arasındakı münasibətlərin modernləşməsi sahəsində görülən kompleks tədbirlərdən bəhs olunub.
Eyni zamanda, dövlət idarəetməsinin modernləşməsi, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində mühüm tədbirlərdən biri kimi
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması xüsusi olaraq diqqətə çatdırılıb. Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin təlim sistemini xüsusi vurğulayan N.Hüseynova bu sistemin mahiyyəti, strukturu, strategiyası və prinsipləri barədə məlumat verib.
Qeyd olunub ki, müasir təlim standartlarına və infrastruktura malik olan, əhatəli, səmərəli, çevik və innovativ təlim sistemini yaratmaq, peşəkar, milli mənəvi və korporativ dəyərlərə sadiq, yaradıcı düşüncəyə sahib kadr potensialını formalaşdırmaq “ASAN xidmət” modelinin təlim strategiyasının əsas məqsədidir.