BEYNƏLXALQ KONFRANSDA SOYQIRIMI CİNAYƏTLƏRİNƏ QARŞI MÜBARİZƏNİN TƏŞKİLİNİN AKTUAL PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Konfransın işində Azərbaycanı respublikamızın hərbi prokuroru əvəzi İlham Məmmədov, İnterpolun Azərbaycan ofisinin inspektoru Fuad Axundov, ekspert Ramin Əliyev və ölkəmizin Fransadakı səfirliyinin nümayəndəsi Məsim Məmmədovdan ibarət nümayəndə heyəti təmsil etmişdir.
Dünyanın 66 dövlətinin 100-dən artıq nümayəndəsinin, habelə müxtəlif ölkələr üzrə yaradılmış xüsusi məhkəmələrin və Beynəlxalq tribunalların prokurorlarının, Beynəlxalq Kriminal Məhkəməsi və Avropa Polis Təşkilatının, İnterpolun Mərkəzi Katibliyinin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda müharibə cinayətləri, soyqırımı və insanlıq əleyhinə cinayətlərə qarşı mübarizənin təşkilinin aktual problemləri və bu sahədə dünya dövlətlərinin səylərinin məqsədyönlü əlaqələndirilməsi məsələləri ətraflı müzakirə olunmuşdur.
Konfransda “Müharibə cinayətləri, soyqırımı və insanlıq əleyhinə cinayətlərin istintaqı, mühakiməsi və cəzalandırılması üzrə Azərbaycan təcrübəsi” mövzusunda çıxış edən hərbi prokuror əvəzi İlham Məmmədovun məruzəsində Ermənistanda və respublikamızın Dağlıq Qarabağ bölgəsində yaşamış azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirən erməni qəsbkarlarının cinayətləri barədə ətraflı məlumat verilmiş, Ermənistanın müxtəlif şəhər və kəndlərindən ötən əsrin sonlarında deportasiya edilən 200 minədək azərbaycanlının başına gətirilən müsibətlər, Xocalı faciəsi törədilməklə mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, Dağlıq Qarabağda erməni separatçıları və onlara havadarlıq etmiş Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunması, 20 mindən artıq insanın qətlə yetiriliməsi və 50 min nəfərdən artıq insanın yaralanması, 4928 nəfərin, o cümlədən 56 uşaq, 327 qadın və 364 yaşlı insanın itkin düşməsi, 900-dən artıq yaşayış məntəqəsi və 4366 ictimai təyinatlı obyektin yandırılaraq məhv edilməsi, beynəlxalq humanitar hüquq normaları pozulmaqla əsir düşmüş azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə konkret faktlar diqqətə çatdırılmışdır. Məruzə qeyd edilən məsələləri özündə əks etdirən əyani vəsaitlər və slaydlarla müşayiət olunmuşdur.
Məruzədə, həmçinin beynəlxalq təcrübəyə müvafiq olaraq müharibə və soyqırımı cinayətləri törətmiş şəxslərin müddətdən və milli qanunvericiliklərdə olan boşluqlardan asılı olmayaraq, beynəlxalq təşkilatların qəbul etdiyi prinsiplər əsasında müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilib mühakimə olunması, bu məsələlərə ikili standartlardan yanaşma prinsipinin aradan qaldırılması, həmin kateqoriyadan olan cinayətlərin törədilməsini istənilən formada dəstəkləyən dövlətlərə qarşı beynəlxalq birgə sanksiyaların tətbiqinin zəruriliyi qeyd edilmişdir. Azərbaycanın nümayəndə heyətinin təklifləri konfransın yekun sənədlərində öz əksini tapmışdır.