BEYNƏLXALQ MƏTBUAT MƏRKƏZİNDƏ SLOVENİYANIN MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, diplomatların, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi görüşdə ölkələrimiz arasında dostluq münasibətlərindən söhbət açılmışdır. “Azəri-Slavyan dünyası” təşkilatının sədri Gennadi Qvozdevin fikrincə, Sloveniya və Azərbaycanın müstəqilliyi bizi bir-birimizə yadlaşdırmadı. Əksinə, mədəni, iqtisadi əlaqələr yaradıb, onları genişləndirmək zəruriliyi göz qabağındadır. Bundan əlavə, hər iki dövləti İkinci Dünya müharibəsi ilə bağlı xatirələr də birləşdirir. Azərbaycanın əfsanəvi oğlu Mehdi Hüseynzadə məhz Sloveniya ərazisində həlak olmuşdur. Müharibədən 61 il keçməsinə baxmayaraq, Sloveniyanın ölkəmizdəki konsulu Borut Mequşara alman işğalçı qoşunlarını “Mixaylo” adı ilə dəhşətə gətirən Mehdi Hüseynzadənin qəhrəmanlığı barədə çoxlu fakt məlumdur. O illərdə partizan müharibəsində daha 400 azərbaycanlı iştirak etmişdir. Onların adları Sloveniya tarixində əbədiləşdirilmişdir.
Konsul B.Mequşar jurnalistlərin suallarına cavab verərək bildirmişdir ki, müstəqillik əldə etdikdən sonra Sloveniyanın vəziyyəti Azərbaycana nisbətən xeyli yüngül idi. Onun öz hökuməti, parlamenti və bankları vardı. O, Azərbaycan kimi, mərkəzləşdirilmiş quruma tabe deyildi. Azərbaycan müstəqillik yoluna böyük problemlərlə çıxmışdır ki, onların da həlli üçün xeyli vaxt lazım olmuşdur.