Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi yerli icmaların dəstəklənməsini davam etdirir
Bakı, 8 iyul, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Həssas icmaların dayanıqlılığının gücləndirilməsi” layihəsi çərçivəsində yerli icmaları dəstəkləməkdə davam edir.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, bu fəaliyyət çərçivəsində Zaqatala və Quba rayonlarında yaşayan layihə benefisiarları meyvəqurudan avadanlıqla təmin olunub. Bu dəstək məhsulun keyfiyyətinin yüksəldilməsinə, eyni zamanda, həm benefisiarlar, həm də icmadakı fermerlərin gəlirlərinin artmasına töhfəsini verəcək.
BMqT-nin Azərbaycan nümayəndəliyi 2017-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Həssas icmaların dayanıqlılığının gücləndirilməsi” layihəsini həyata keçirir.
Məqsəd həssaslığı ilə seçilən əhali qruplarının sosial-iqtisadi rifahının artırılmasıdır.
Layihə çərçivəsində həssas icmalara dəstək məqsədilə əvvəlcə icmalar tərəfindən müəyyənləşdirilmiş şəxslərə kiçik biznesin inkişafı təlimləri keçilib. Təlimlərdə iştirak etmiş icma üzvləri tərəfindən təqdim olunmuş və ekspertlər tərəfindən qiymətləndirmədən sonra seçilmiş uğurlu kiçik biznes planlarına maliyyə dəstəyinin göstərilməsi vasitəsilə hədəf qrupları arasında özünüməşğulluq imkanları artırılıb.