BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva tədbiri açaraq bildirmişdir ki, İKOM-un Azərbaycan Milli Komitəsi yarandığı gündən milli mədəniyyətimizin dünyaya tanıdılması sahəsində ardıcıl fəaliyyət göstərir. Azərbaycanın mədəni irsinin, incəsənətinin dünyada təbliği, eləcə də böyüməkdə olan gənc nəslə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə İKOM-un Azərbaycan Milli Komitəsi bir sıra xarici və yerli fondların yardımı ilə buklet, bələdçi və kataloqlar çap etdirmiş, CD-lər hazırlamışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Sərəncamla muzey işçilərindən də üç nəfərin “Əməkdar mədəniyyət işçisi” adına layiq görüldüyünü xatırladaraq, onları təbrik etmişdir. Nazir Azərbaycanda mədəniyyətin bütün sahələrində işlərin dünya standartlarına uyğunlaşdırılması ilə bağlı Prezident İlham Əliyevin göstərişləri çərçivəsində muzeylərdə də yenidənqurma və bərpa tədbirləri görüldüyünü vurğulamışdır. O demişdir ki, muzeylərin daha da zənginləşdirilməsi və qorunması ilə əlaqədar nazirlik Rəssamlar İttifaqı və Dövlət Gömrük Komitəsi ilə birgə layihələr həyata keçirməyi planlaşdırmışdır. Layihəyə uyğun olaraq, Azərbaycanın mədəni sərvəti sayılan bircə əsərin də xarici ölkəyə keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınacaqdır.
Ə.Qarayev xalqımızın mədəni sərvətlərinin qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən ətraflı bəhs etmiş, bütün bunlara görə ona minnətdarlığını bildirmişdir.
Tədbirdə “Bakı muzeyləri” adlı bələdçinin və web saytının, “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi” virtual CD-nin, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Cazdan muğama, muğamdan caza” kompakt diskinin təqdimatı da keçirilmişdir.
Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi kolleci şagirdlərinin ifasında muğam və mahnılarımız tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.
Axırda iştirakçılar “Muzey suvenirləri və muzey xidmətləri” sərgisinə baxmışlar.