BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ JAK ROQQUN ÖLKƏMİZƏ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 7-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun Azərbaycana səfəri başa çatmışdır.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qonağı gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov yola salmışlar.
Yola düşməzdən əvvəl J.Roqq jurnalistlərə Bakıdan xoş təəssüratlarla ayrıldığını bildirmişdir. Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirən qonaq, səfər müddətində ölkəmizdə idman haqqında geniş təsəvvürlərin yarandığını, burada bir neçə idman kompleksinə baş çəkdiyini, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının bir daha şahidi olduğunu bildirdi.
“Azərbaycandan zəngin təəssüratlarla ayrılıram. Mən burada çoxlu yeniliklər gördüm. Ölkənizdə hökumət və Milli Olimpiya Komitəsinin idmanın inkişafı naminə gördüyü birgə işləri yüksək qiymətləndirirəm”, - BOK prezidenti J.Roqq bəyan etdi.
Gələcəkdə Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrinin ölkəmizə səfərə gələcəyini deyən J.Roqq, Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına uğurlar arzuladı.
######
