BEYNƏLXALQ QADINLAR KLUBUNUN NÜMAYƏNDƏLƏRİ LƏNKƏRANDA OLMUŞLAR
Qonaqlar Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtipli uşaq evində, əqli və fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı xüsusi internat məktəbində olmuşlar. Məktəbin direktoru Xəzər Hüseynov qonaqlara məlumat vermişdir ki, cənub bölgəsində yeganə olan bu təhsil ocağında altı rayondan 79 uşaq təhsil alır. Onların yeddi nəfəri fiziki cəhətdən şikəst olduğu üçün təhsillərini evdə davam etdirirlər. O, ABŞ səfirliyinin xətti ilə “Dünya ümidi” beynəlxalq təşkilatının burada yeni məktəb binası tikəcəyini vurğulamışdır.
Beynəlxalq Qadınlar Klubunun üzvləri özləri ilə gətirdikləri hədiyyələri uşaqlara paylamışlar.
Venera Əsgərova AZƏRTAC-ın müxbirinə demişdir ki, biz respublikamızdakı bütün uşaq və qocalar evləri ilə vaxtaşırı əlaqə saxlayır, onların ehtiyaclarını öyrənir, imkan daxilində kömək göstəririk. Əsas məqsədimiz valideyn himayəsindən məhrum olan, əlil uşaqlara və unudulmuş valideynlərə mənəvi dayaq göstərməkdir. Bu, Lənkərana beşinci gəlişimizdir. Uşaq evinin bir çox problemlərinin həllində biz də iştirak edirik. Beynəlxalq Qadınlar Klubunun maliyyə dəstəyi ilə uşaq evinə bir kilometr ərazidən kanalizasiya xətti çəkilmiş, binanın daxilində bir sıra yenidənqurma və bərpa işləri aparılmışdır. Şagirdləri il boyu tərəvəz məhsulları ilə təmin etmək üçün yeni layihə də hazırlamışıq.