Beynəlxalq Sərgilər Bürosunun Parisdə növbəti Assambleyası keçirilir
Assambleyada Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimatı olacaq
Paris, 15 noyabr, AZƏRTAC
Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası noyabrın 15-də Parisdə öz işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Assambleyada Azərbaycanın Bakı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq və Fransanın Paris şəhərlərinin “Expo 2025” Ümumdünya Sərgisinə namizədlik təqdimatları xüsusi maraqla gözlənilir.
Assambleya çərçivəsində bu il Qazaxıstan Respublikasında keçirilmiş “Astana Expo 2017” sərgisinin başa çatması ilə bağlı hesabat dinlənilib. Gün ərzində “Dubay 2020” sərgisinə hazırlıq işləri ilə əlaqədar BƏƏ nümayəndə heyətinin hesabatı, “Pekin 2019” bağçılıq sərgisi ilə bağlı Çin, “Almere 2022” bağçılıq sərgisi üzrə Niderland, “Milan Triennal 2019” sərgisi üzrə isə İtaliya nümayəndə heyətlərinin təqdimatları dinləniləcək.
Assambleya başlamazdan əvvəl Qazaxıstan Respublikasında cari ildə keçirilmiş “Astana Expo 2017” sərgisinin sədri “Dostluq” ordenini Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dmitri Kerkentzesə təqdim edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris