Beynəlxalq təhsil layihələrində Azərbaycanı uğurla təmsil edən “Virtual məktəb” şagirdləri
Bakı, 17 iyun, AZƏRTAC
COVID-19 pandemiyası dövründə fasiləsiz və keyfiyyətli təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə yaradılan “Virtual məktəb” bir il ərzində innovativ yanaşmaların təhsilə sürətli inteqrasiyasına, həmçinin müəllim və şagirdlərdə rəqəmsal bacarıqların inkişafına yol açdı. Belə ki, hazırda ölkədə ən iri milli platforma olan “Virtual məktəb”də təlim-tədris prosesi, idarəetmə, peşəkar inkişaf və dərsdənkənar fəaliyyət üçün geniş imkanlar təqdim olunur. Bu imkanlardan faydalanan və platformanın ən aktiv istifadəçiləri olan şagirdlər öz rəqəmsal bacarıqları ilə milli və beynəlxalq səviyyədə uğurlar qazanırlar.
AZƏRTAC rəqəmsal mühitdə öz nailiyyətləri ilə seçilən şagirdlərin uğur hekayələrini təqdim edir.
Abşeron rayonu, Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin bacı-qardaş olan bu şagirdləri Anabacı Əmiraslanova və Əliyoldaş Əmiraslanlı Virtual məktəb”də dərslərə davamiyyəti, fənlər üzrə göstərdikləri yüksək nəticələri, keçirilən dərnək və bilik yarışlarında uğurlu iştirakları ilə seçiliblər. Anabacı Əmiraslanova “Virtual məktəb”də şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq məqsədilə keçirilən VI “Virtual əlaçı” bilik yarışmasında yüksək nəticə göstərərək qalib olub.
Əliyoldaş Əmiraslanlı isə ötən yay aylarında platformada təşkil olunan musiqi və rəsm üzrə məktəbdənkənar dərnəklərdə iştirak edib. Dərnəklər onun tətil vaxtını faydalı və maraqlı keçirməsinə, həmçinin yaradıcılıq qabiliyyətlərinin inkişafına şərait yaradıb.
Hər iki şagird “Virtual məktəb”də Avropa İttifaqının dəstəyi və “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi ilə birgə keçirilən “Mənim büdcəm” təlim proqramında iştirak edib. Təlim çərçivəsində şagirdlər pul, gəlir, maaş, qənaət, xərc, investisiya, büdcə haqqında biliklərə yiyələniblər. Sonda təlim proqramında iştirak edən 100 nəfər şagird üçün imtahan təşkil olunub və Əliyoldaş ilə Anabacı uğurlu nəticə göstərərək diplom və kitablarla təltif olunublar.
Eyni zamanda, sözügedən şagirdlər “Virtual məktəb”ə inteqrasiya olunmuş “Minecraft Education Edition” oyun-əsaslı tədris mühitinin imkanlarından ödənişsiz olaraq faydalanırlar. Elm, texnologiya, mühəndislik, riyazi biliklərə əsaslanan bu resurs vasitəsi ilə şagirdlər müxtəlif fənlər üzrə öz rəqəmsal “dünya”larını yaradır, yaratdıqları onlayn fəzalarda sinif yoldaşları ilə əməkdaşlıq edə bilir və interaktiv təhsil mühitində birləşirlər.
Bununla yanaşı, şagirdlər “Virtual məktəb”ə inteqrasiya edilmiş beynəlxalq “PolyUp” platformasında keçirilən “2020 Azərbaycan Qış Müsabiqəsi”nin qalibləridir. Qalib şagirdlər ABŞ-da “PolyUp Innovation Hub”a üzv seçilərək, Silikon Vadisindən müxtəlif mütəxəssislərlə onlayn formada görüşməklə, startap ideyalarının reallaşdırılması üçün təlimlərə qoşulmağa haqq qazanıblar. Hazırda Anabacı Əmiraslanova layihə çərçivəsində “World Poly Innovators” şirkətinin icraçı direktoru, Əliyoldaş Əmiraslanlı isə “Grand Poly İnnovators” şirkətinin icraçı direktoru olaraq öz startap ideyaları üzərində çalışırlar.