ELM VƏ TƏHSİL
Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib VİDEO
Bakı, 6 oktyabr, Günel Məlikova, AZƏRTAC
Oktyabrın 7-də Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil ediləcək 10-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirliyin KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov sərginin artıq onuncu dəfə təşkil edildiyini bildirib. Vurğulanıb ki, bu tədbir ölkədə nazirliyin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir.
Təhsil sərgisinin karyera sərgisi ilə eyni vaxtda keçirildiyi, Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir olduğu qeyd olunub. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.
Azərbaycanı təmsil edən təhsil müəssisələrinin siyahısında Dövlət Neft və Sənaye, Texniki, İqtisad, Bakı Biznes, Memarlıq və İnşaat, Texnologiya, Gəncə Dövlət universitetlərinin də olacağı bildirilib. “EduGuide” Azerbaijan və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Təhsil Nazirliyinin stendində isə bu qurumun yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunacağı bildirilib.
“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, bu il təhsil sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan, İordaniya ali təhsil müəssisələrinin, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri tədbir iştirakçılarını təhsil proqramları ilə tanış edəcəklər. Qeyd olunub ki, sərgidə milli stendlərlə Türkiyə (Study in Turkey), Polşa (“Go Poland”) və Litva (“Study in Lithuania”) çıxış edəcək.
Ümumilikdə sərgi çərçivəsində iştirakçılara bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramları, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramların təqdim olunacağı bildirilib. İştirakçılar sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə bilavasitə ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsilhaqqı və yaşayış yerləri kimi məsələlərlə bağlı suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmaları məsələləri öyrənmək imkanı əldə edəcəklər. Bu il təhsil sərgisində yenidən məktəbəqədər təhsil sektoru təqdim olunacaq. Bu sektorda Beynəlxalq Sabis Sun Məktəbi və “XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi iştirak edəcək.
Sərgidə “Lukas-Nuelle” və “Sinam” şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıq və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunacaq.
Sonda KİV nümayəndələrinin suallari cavablandirılıb.