Biləsuvar rayonundan keçən M3 magistralının 10 kilometrlik hissəsi təmir olunub
Bakı, 22 iyun, AZƏRTAC
Köhnə Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən 10 kilometrlik (103-113-cü km) hissəsi əsaslı şəkildə təmir olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2-ci texniki dərəcəli həmin hissənin eni 15 metrdir. Bura 9 metr hərəkət hissə və hər bir istiqamət üzrə 3 metr enində çiyin hissələr daxildir.
Köhnə magistralın bu hissəsində yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Aparılan təmir işləri ilə sadalanan problemlər artıq aradan qaldırılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, təmir çərçivəsində yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işlərinin görülməsi, hamarlayıcı layın tikintisi işləri yekunlaşdırılıb və yeni asfalt-örtüyünün döşənməsi işləri icra olunub.
Həmin hissədə təmir işlərinin sonuncu mərhələsi üzrə yol çiyinlərinin bərkidilməsi işləri yerinə yetirilib, yol-cizgi və yol-göstərici xətlər çəkilib, zəruri yol nişanları quraşdırılaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.