Biləsuvarda “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib
Bakı, 17 iyun, AZƏRTAC
Biləsuvardakı Heydər Əliyev Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, gənclər və kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar görüşlərin təşkil olunmasının əsas məqsədi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaq, onların xatirəsini daim yaşatmaqdır.
Vətən müharibəsi veteranı Anar Nəhmətov qəhrəmanın döyüş yolunun gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində oynadığı böyük roldan danışıb.
Şəhidin döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub, cəsur zabitin həyat salnaməsini əks etdirən “Əfsanəvi kəşfiyyatçı” adlı xatirə kitabı rayon ictimaiyyətinə təqdim edilib.
Tədbirin bədii hissəsində respublikanın Əməkdar artisti Sevinc Sarıyevanın ifasında vətənpərvərlik mahnıları səslənib.