Birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqlara çanta və məktəb ləvazimatları verilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakıdakı Rus Evi və Bank VTB (Azərbaycan) “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” layihəsi çərçivəsində daha bir aksiya keçiriblər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 8-də Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi nümayəndəliyində birinci sinfə gedəcək şagirdlərə bel çantaları və məktəb ləvazimatları təhvil verilib.
Tatar İcması və “Yaşlek” Tatar Gəncləri Mərkəzinin dəstəyi ilə keçirilən tədbirin açılışında Rus Evinin rəhbəri İrek Zinnurov, Tatarıstanın Azərbaycandakı Daimi nümayəndəliyinin rəhbəri Murad Qadılşin, digər rəsmi şəxslər çıxış ediblər. Aksiya çərçivəsində qonaqlar üçün konsert proqramı təqdim olunub.
“Uşaqlara məktəbə hazırlaşmağa kömək et” layihəsi bu il birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqların dəstəklənməsi və yaradıcı inkişafına yönəlib. Layihə Azərbaycanın Rus İcması, Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası, “Yaşlek” Tatar Gənclər Mərkəzi, həmçinin “GID CSR Consulting” xeyriyyə təşkilatının dəstəyi ilə Bakıdakı Rus Evi, Bank VTB (Azərbaycan) tərəfindən həyata keçirilir.