DÜNYA
Birləşmiş Ərəb Əmirliklərinin nümayəndəsi İnterpolun yeni rəhbəri seçilib
Bakı, 25 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin baş müfəttişi Əhməd Nasir Əl-Rəisi İnterpolun yeni prezidenti seçilib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, İnterpolun tviter səhifəsində yerləşdirilən məlumata görə, bu postda Cənubi koreyalı dövlət xadimi Kim Çon Yanı əvəz edən Əhməd Nasir Əl-Rəisi növbəti dörd ildə qurumun rəhbəri olacaq. O, buna qədər İnterpolun icra komitəsinin üzvü idi. İnterpolun sabiq rəhbəri Kim Çon Yan isə 2018-ci ildən təşkilata rəhbərlik edirdi.
Əhməd Nasir Əl-Rəisi İnterpolun Baş Assambleyasının noyabrın 23-25-də İstanbulda keçirilən iclasında qurumun yeni rəhbəri seçilib. Hər il toplanan Baş Assambleya təşkilatın ümumi siyasətini, beynəlxalq əməkdaşlıq üçün zəruri resurslarla bağlı əsas qərarları qəbul edir, həmçinin iş üsullarını, maliyyələşməni və fəaliyyət proqramını müəyyənləşdirir.