Bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında nöqsanlar aşkarlanıb
Bakı, 21 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bakı şəhərində aparılmış yoxlamalar zamanı Xəzər rayonunun Binə qəsəbəsində Məmmədov Fariz İlyas oğluna, Zirə qəsəbəsində Mirzəyev Sürəddin Əbdüləli oğluna, Suraxanı rayonunun Hövsan qəsəbəsində Abbasov Sahib Baba oğluna, Sabunçu rayonunun Maştağa qəsəbəsində Quliyev Əbülfəz Baba oğluna məxsus bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında bir sıra nöqsanlar aşkar edilib.
Mağazalarda istifadə müddəti bitmiş pestisid və aqrokimyəvi maddələr, eyni zamanda dövlət sınağından keçməmiş və dövlət qeydiyyatına alınmamış aqrokimyəvi maddələr aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla əlaqədar sahibkarlar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.