Biznes subyektlərinin və əhalinin gəlirlərinin artması KOB-ların gəlirlərini dəstəkləyəcək - ŞƏRH
Bakı, 22 iyul, AZƏRTAC
KOB-lar daxili bazarın məhdud alıcılıq riskini sığortalamaq üçün regional elektron ticarət platformalarına çıxış imkanları əldə etməyə çalışmalı və rəqəmsal marketinq kanallarını gücləndirmələri zəruridir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Cəbrayıl Vəliyev bildirib.
Ekspert qeyd edib ki, qlobal iqtisadi mühitdə artan geosiyasi və geoiqtisadi proseslərin təsiri ilə qeyri-müəyyənliklər davam etməkdədir.
“Resurs bazarlarındakı dalğalanmalar, tədarük zəncirlərinin qırılması və sürətlə artan rəqəmsallaşmanın yaratdığı yüksək təzyiq Azərbaycanın qeyri-neft sektorunun onurğa sütununu təşkil edən Kiçik və Orta Biznes subyektləri üçün həm risklər, həm də yeni transformasiya imkanları yaradır. Azərbaycanın mövcud makroiqtisadi konyukturasını və qlobal trendləri nəzərə alsaq, KOB-ların üzləşə biləcəyi əsas riskləri və bu risklərə qarşı tətbiq edilə biləcək strategiyaları bir sıra aspektdən təhlil edə bilərik. Qlobal iqtisadi çağırışlar fonunda Azərbaycan KOB-larının qarşılaşa biləcəkləri risklərdən biri xüsusilə istehsalçı subyektlərə daha çox təsir edən idxal inflyasiyası və bu səbəblə əməliyyat xərclərinin artması riskidir. Xüsusilə istehsal, qida və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qeyri-neft KOB-ları hələ də xammal, avadanlıq və müxtəlif komponentləri xarici bazarlardan idxal edirlər və bu bazarlarda baş verən dəyişikliklərdən asılı vəziyyətdədirlər. Tərəfdaş ölkələrdəki inflyasiya, KOB-lar üçün idxal inflyasiyasına çevrilərək xammal, yarımfabrikatlar, avadanlıq və müxtəlif komponentlərin qiymətlərini yüksəldir ki, bu da daxili bazarda xərcləri artırır və KOB-ların rentabelliyini təzyiqə məruz qoyur. Bu istiqamətdə digər risk artan və davam edən hərbi-siyasi gərginliklər fonunda tədarük zəncirlərinin qırılması, logistik imkanlarının məhdudlaşması və tədarük xərclərinin artmasıdır. Bu da nə qədər çevik olsalar da KOB-lar üçün əməliyyat xərclərinin artmasına və sifarişlərin yerinə yetirilməsində gecikmələr yaradaraq nəticədə rəqabətqabiliyyətliliyə mənfi təsir edir və bazar itkisinə səbəb olur”, - deyə Cəbrayıl Vəliyev əlavə edib.
C.Vəliyev deyib ki, KOB-ların məhsullarının əsas bazarını ölkədaxili biznes subyektləri və ölkə əhalisi təşkil etdiyi üçün həm biznes subyektlərinin, həm də əhalinin gəlirlərinin artması KOB-ların gəlirlərini dəstəkləyəcək: “Əks halda resurs qiymətlərində dalğalanmalar və qiymətlərin minimallaşması ölkənin ixrac gəlirlərini azaldacağı üçün dolayısı ilə biznes subyektlərinin və əhalinin gəlirlərinin azalmasa belə artmasına mənfi təsir göstərə bilər. KOB-lar üçün digər bir təzyiq maliyyə resurslarına çıxışın məhdud olmasıdır. Xüsusilə mikro və kiçik sahibkarlar üçün girov təminatı məsələsi və qeyri-təminatlı kreditlərdə yüksək faiz dərəcələri əsas maneə olaraq qalır və bu KOB-lar üçün risk yaradan amillərdən biridir. Qlobal maliyyə bazarlarında yarana biləcək dalğalanmalar ölkənin maliyyə bazarlarına da müəyyən ölçüdə təsir edə bilər və maliyyə şərtlərinin sərtləşməsi baş verə bilər ki, bu da maliyyə imkanları aşağı və resurslara əlçatanlığı məhdud olan KOB-lar üçün əlavə risk yaradır”.