BMT AZƏRBAYCANDA ƏHALİNIN DÖVLƏT REYESTRİNİN YARADILMASINI DƏSTƏKLƏYİR
Sazişi Azərbaycan Hökuməti tərəfdən ədliyyə naziri Fikrət Məmmədov, digər tərəfdən isə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi və İnkişaf Proqramının nümayəndəsi Marko Borsotti imzalamışlar.
Ədliyyə naziri Fikrət Məmmədov mərasimdə çıxış edərək dövlət idarəçiliyinin təkmilləşdirilməsi, bununla bağlı milli informasiya resurslarının yaradılması və yeni texnologiyaların geniş tətbiqi məqsədi ilə Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının dövlət registrinin yaradılması haqqında” 2004-cü il 21 fevral tarixli Fərmanı ilə bu işin Ədliyyə Nazirliyinə həvalə edildiyini, həmçinin əhalinin dövlət reyestri haqqında Qanunun qəbul olunduğunu, bir sıra müvafiq normativ-huquqi aktların təsdiq edildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, əhalinin dövlət reyestri bütün vətəndaşlar haqqında onların şəxsiyyətinin tez və dəqiq müəyyənləşdirilməsi üçün zəruri məlumatları özündə cəmləşdirən, elmin, texnikanın son nailiyyətlərindən istifadə etməklə əhalinin uçotunun aparılmasını təmin edən elektron məlumat sistemidir.
Dövlət reyestrinin yaradılması ölkə əhalisi haqqında məlumatların toplanmasına və saxlanmasına, seçici siyahılarının avtomatlaşdırılmış qaydada tərtib olunmasına, eyni zamanda, vətəndaşlar tərəfindən lazımi arayışların vahid orqandan asan və operativ qaydada alınmasına şərait yaradacaqdır.
Ölkəmiz üçün çox əhəmiyyətli olan mütərəqqi məlumat sisteminin yaradılması kimi xeyli vəsait və müddət tələb edən bu mürəkkəb işdə Azərbaycan Hökumətinə dəstək verməyə hazır olan BMT bununla bağlı layihə xərclərinin üçdə birini öz üzərinə götürmüşdür.
Bu gün imzalanmış layihə çərçivəsində hazırda arxivlərdə saxlanılan 17 milyona yaxın vətəndaşlıq vəziyyəti aktlarının elektron formata keçirilməsi işinə başlanılması, bunun üçün müvafiq aktların Elektron Məlumat Bankının istifadə etdiyi proqram təminatının təkmilləşdirilməsi, ən müasir kompyuter avadanlığı ilə təchiz edilməsi və əməkdaşlar üçün xüsusi təlimlərin təşkil olunması nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edən M.Borsotti və ATƏT-in Bakıdakı ofisinin rəhbəri Maurisio Pavesi beynəlxalq təşkilatlarla müxtəlif layihələrin həyata keçirilməsində Azərbaycanın, xüsusilə Ədliyyə Nazirliyinin işgüzar və səmərəli əməkdaşlığını qeyd edərək, ölkəmizin hərtərəfli inkişafını vurğulamış, dövlət idarəçiliyində müasir üsulların tətbiqini müsbət dəyərləndirmişlər.