BMT-DƏ KLONLAŞDIRMA İLƏ BAĞLI MÜZAKİRƏLƏR BAŞLANMIŞDIR
BMT-nin üzvü olan ölkələrin hamısı insan klonlaşdırılmasının qadağan edilməsi haqqında konvensiya qəbul olunmasının vacibliyi ilə razılaşsalar da, tədqiqat məqsədi ilə embrion klonlaşdırılmasına icazə verilib-verilməməsinə dair qəti qərara gəlməmişlər. BMT-də tamamilə fərqli iki qətnamə layihəsi müzakirə olunur. Kosta-Rikanın təqdim etdiyi qətnaməni ABŞ və daha 60 ölkə dəstəkləyir. Bu layihə hər cür klonlaşdırmanı qadağan edən konvensiya qəbul olunmasına çağırır.
Belçikanın irəli sürdüyü layihədə isə insan klonlaşdırılmasının qadağan olunması təklif edilsə də, tədqiqat məqsədi ilə klonlaşdırmaya icazə verilib-verilməməsini dövlətlərin müstəqil şəkildə həll etməsi nəzərdə tutulur.
BMT baş katibi görüşdən əvvəl jurnalistlərə demişdir ki, son qərarı təşkilata üzv olan ölkələr verəcək, o özü isə terapevtik klonlaşdırmanın tərəfdarıdır.