BMT inkişaf etmiş ölkələri Afrikaya dəstəyi gücləndirməyə çağırıb


Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 14-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Afrika mənşəli insanlar üzrə Daimi Forumunun dördüncü sessiyası açılıb.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT-nin insan haqları ofisi tərəfindən təşkil edilən “Afrika və afrikalılar: Süni İntellekt dövründə bərpaedici ədalət naminə birləşdik” adlı həftəlik sessiyada əsarət və müstəmləkəçiliyin tarixi irsi üçün təzminat tələbləri də gündəmdə olacaq.
BMT Baş Assambleyasının prezidenti Filemon Yanq açılış nitqində deyib: “Gəlin, hər bir insanın ləyaqətini və bərabərliyini müdafiə etmək üçün bütün qitələrdə və formalarda irqçiliyə son qoymağı öhdəmizə götürək”.
Əsrlər boyu Afrika sakinləri və başqa qitələrdə məskunlaşan afrikalılar müstəmləkəçiliyin, aparteidin və soyqırımın əsarətinin nəticələrindən əziyyət çəkib. BMT Baş katibi Antonio Quterreş öz mesajında bildirib: “Kritik məqsəd beynəlxalq insan hüquqlarına əsaslanan bərpaedici ədalət çərçivələrinə əməl etməkdir. Bu tarixi ədalətsizlik Afrika xalqlarının inkişafına xələl gətirməkdə və afrikalıların hüquqlarının tam şəkildə həyata keçirilməsinə mane olmaqda davam edir”.
Sessiyanın aprelin 15-də keçiriləcək birinci panel iclası bu nəticələrin aradan qaldırılmasının kritik və təcili qlobal prioritetini vurğulayacaq. İrqçilik və cinsiyyət zəminində ayrı-seçkiliyin mürəkkəb təsiri afrikalı qadınlara və qızlara qarşı zorakılığın çoxsaylı və kəsişən forması ilə nəticələnir. Sessiyanın aprelin 16-da baş tutacaq ikinci panel iclası irqi zəmində siyasi zorakılığın afrikalı qadınlara və qızlara təsirinə həsr olunacaq.
BMT Əhali Fondunun (UNFPA) icraçı direktoru Natalia Kanem bildirib: “Afrikalı qadınlar və yeniyetmə qızlar ana ölümü və erkən yaşlarda hamiləlik baxımından daha yüksək risk altındadır”.
Açılış mərasimində çıxış edən xanım Kanem əlavə edib ki, UNFPA reproduktiv sağlamlıqla bağlı qeyri-bərabərliyin aradan qaldırılması istiqamətində tədbirlər görür. O, həmçinin əlavə edib ki, süni intellektin sürətlə yayıldığı bir şəraitdə Afrika qitəsi ölkələri də bu texnoloji tərəqqidən geri qalmamalı, onlara lazımi maliyyə dəstəyi göstərilməlidir.