BMT-NİN SİVİLİZASİYALAR ALYANSININ ƏLAQƏLƏNDİRMƏ MÜŞAVİRƏSİ BAKININ TƏŞƏBBÜSÜNÜ DƏSTƏKLƏMİŞDİR
Sentyabrın 21-də İspaniyanın Molina şəhərində 9-cu Beynəlxalq “Gənclər və inkişaf” Universitetinin işi başa çatmışdır. Universitetin işinin son günündə BMT-nin Sivilizasiyalar Alyansı Katibliyinin təşəbbüsü ilə Alyansın gənclər siyasəti sahəsində beynəlxalq tərəfdaşlarının müşavirəsi keçirilmişdir. Tərəfdaşlar qrupuna İslam Konfransı Təşkilatının Gənclər Forumunun, Avropa Gənclər Forumunun, Avropa Şurasının, YUNESKO-nun və Britaniya Birliyinin nümayəndələri daxildirlər.
Beynəlxalq müşavirənin iştirakçıları mədəniyyətlərarası dialoq prosesinə gənclərin qlobal miqyasda cəlb edilməsi məqsədi güdən Alyansın Gənclər Strategiyasını müzakirə etmişlər.
İKT Gənclər Forumunun (İKT GF) baş katibi Elşad İsgəndərov AZƏRTAC-a bildirmişdir ki, müşavirə İKT GF-nin gənclər təşkilatlarının işini qlobal səviyyədə əlaqələndirmək barədə təkliflərini dəstəkləmişdir. Bu strategiyanın əsasını təşkil edən “Gənclər Sivilizasiyalar Alyansını dəstəkləyir” hərəkatının ideyası keçən il nöyabr ayında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə Bakıda keçirilmiş yüksək səviyyəli konfransda irəli sürülmüşdür.
E.İsgəndərov demişdir: “BMT-nin Sivilizasiyalar Alyansının tərəfdaşlarının mötəbər müşavirəsinin bu qərarından əvvəl İKT Gənclər Forumu Bakı Konfransının yekunlarının beynəlxalq miqyasda tanınması üçün ardıcıl iş aparmışdır. Leyla Əliyeva İKT Gənclər Forumunun Sivilizasiyaların Alyansı üzrə baş əlaqələndiricisi seçiləndən sonra göstərilən istiqamətdə həyata keçirilən tədbirlərə yeni təkan verilmişdir. Leyla Əliyevanın təşəbbüsü ilə keçilrilmiş tədbirlər nəticəsində bir ildən az müddətdə “Gənclər Sivilizasiyaların Alyansını dəstəkləyir” beynəlxalq hərəkatı bütün dünyada geniş dəstək qazanmışdır. Bu hərəkat BMT Sivilizasiyalar Alyansının Madrid forumunda, İKT üzvü olan ölkələrin xarici işlər nazirlərinin qətnaməsində, ATƏT-in və Asiya ölkələrinin gənclər forumlarında bəyənilmiş və dəstəklənmişdir. BMT Sivilizasiyalar Alyansı məhz bu hərəkatın geniş beynəlxalq dəstək qazanmasını nəzərə alaraq, onu özünün gənclər strategiyasının əsası kimi qəbul etmişdir”.
Molina universiteti çərçivəsində bu məsələnin həm gənclərin nümayəndələri, həm də beynəlxalq tərəfdaş təşkilatlar tərəfindən müzakirəsinin gedişində BMT Sivilizasiyalar Alyansına “Gənclər Sivilizasiyalar Alyansına tərəfdardır” hərəkatını dəstəkləmək və müvafiq layihəni təsdiq olunmaq üçün Alyansın 2009-cu ilin aprel ayında keçirilməsi planlaşdırılan 2-ci Forumuna təqdim etmək tövsiyə olunmuşdur. E.İsgəndərov demişdir: “Beləliklə, bu hərəkatın yaranması sivilizasiyaların dialoqunun inkişafına, ekstremizmə, ksenofobiyaya və irqçiliyə qarşı mübarizənin beynəlxalq mexanizmlərinin yaradılması üzrə beynəlxalq səylərin möhkəmlənməsinə Azərbaycanın mühüm töhfəsi olmuşdur”.
BMT-nin avtonom təşəbbüsü olan Sivilizasiyalar Alyansı 2005-ci ildə İspaniyanın və Türkiyənin təklifi ilə yaradılmışdır. Alyansın fəaliyyətini dəstəkləyən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupuna BMT üzvü olan 90-a yaxın ölkə daxildir. Bu qrup bilavasitə BMT-nin Baş katibinə hesabat verir. Gənclər siyasəti Alyansın fəaliyyətinin dörd üstün istiqamətindən biridir.