BMT QAK-ın nümayəndəsi Ermənistanın etnik təmizləmə siyasəti barədə məlumatlandırılıb
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycana akkreditə olunmuş yeni nümayəndəsi Bik Lum ilə görüşüb.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ombudsman Bik Luma Ombudsman Aparatı ilə BMT QAK arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib.
S.Əliyeva, həmçinin qadınların, uşaqların, məcburi köçkünlərin, qaçqınların, sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətindən danışıb və bu sahədə birgə maarifləndirmə, hüquqi yardım və monitorinq işinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı Ermənistanın etnik təmizləmə və işğal siyasəti nəticəsində fundamental hüquq və azadlıqları pozulmuş keçmiş qaçqın və məcburi köçkünlərimizin öz ata-baba yurdlarına təhlükəsiz qayıdışının təmini istiqamətində ölkədə görülən işlər barədə məlumat verib və bununla bağlı beynəlxalq təşkilatların dəstəyinin əhəmiyyətini vurğulayıb.
B.Lum Ombudsman təsisatı ilə mövcud əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.