BOK AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Bakı, 18 iyun (AZƏRTAC). Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya həmrəyliyi və əlaqələr departamentinin direktor müavini Pamella Vipond və Avropa Olimpiya Komitəsinin (AOK) maliyyə və Milli Olimpiya Komitələrinin fəaliyyəti üzrə departamentinin rəhbəri Covanni de Anielisin ölkəmizə səfəri başa çatmışdır.
Nümayəndə heyəti səfərinin birinci günü Bakıda idman obyektləri ilə tanış olmuş, buradakı şərait və görülən işlərlə maraqlanmışlar. Qonaqlar Azərbaycan Tennis Akademiyasında, “Musado” İdman Kompleksində, Respublika Olimpiya Mərkəzində, Bakı Olimpiya İdman Kompleksində olmuşlar.
Səfərin ikinci günü Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Ağacan Abiyev ilə görüş keçirilmişdir.
Qonaqlar Azərbaycanda idman sahəsində qanunvericilik aktları, onların qəbul olunma prosedurları, MOK-un, idman qurumlarının və milli federasiyaların dördillik olimpiya dövrü, olimpiya hərəkatı və idmanın inkişafı üzrə uzunmüddətli strateji planların hazırlanması və həyata keçirilməsi mexanizmləri ilə tanış olmuşlar.
Bundan sonra Azərbaycan Milli Olimpiya Komitəsinin BOK Olimpiya həmrəyliyi idarəsi, eləcə də AOK-un proqramları üzrə fəaliyyəti yoxlanılmışdır.
İyunun 18-də səhər qonaqlar MOK-un İcraiyyə Komitəsi (İK) ilə birgə iclas keçirmişlər. Pamella Vipond iclasda çıxış etmişdir. O, ekspertlərin apardığı ikigünlük yoxlamaların nəticəsini açıqlayaraq demişdir: “İkigünlük gərgin iş prosesində biz Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin yüksək səviyyədə qurulması qənaətinə gəldik. BOK-a təqdim edəcəyimiz hesabatda sizin komitənin işinin bir çox Milli Olimpiya Komitələri üçün nümunə ola biləcəyini xüsusi qeyd edəcəyik. Biz MOK-un fəaliyyətindən, ölkənizdəki idman qurumları arasındakı sıx əməkdaşlıqdan, olimpiya hərəkatı və idmanın inkişafı sahəsində həyata keçirdiyiniz nəhəng işlərinizdən və gələcək planlarınızdan məmnun qaldıq”.
İclasda olimpiya hərəkatı və idman sahəsində müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Bundan sonra İcraiyyə Komitəsi və Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə birgə geniş toplantı keçirilmişdir. BOK və AOK rəsmiləri, bir sıra idman növlərində, o cümlədən avarçəkmə, kanoe, badminton, atletika üzrə məşqçi və hakimlərin hazırlanmasında, Azərbaycan məşqçilərinin dünyanın müxtəlif idman mərkəzlərində təkmilləşmə kurslarında iştirakına yardım göstərəcəklərini bildirmişlər.
Günün ikinci yarısında BOK və AOK rəsmiləri gənclər və idman naziri Azad Rəhimovla görüşmüşlər.
Görüşdə Azərbaycanda olimpiya hərəkatı və idmanın inkişaf etdirilməsi, beynəlxalq olimpiya və idman qurumları ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.