Boksçumuz Zeynəb Rəhimova Avropa Oyunlarında mübarizəni dayandırıb
Novı Tarq, 24 iyun, AZƏRTAC
Azərbaycan boksçusu Zeynəb Rəhimova Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 final çərçivəsində Lenuta Periyoçlə (Rumıniya) üz-üzə gəlib.
Döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz yarışla erkən vidalaşıb.
Qeyd edək ki, axşam seansında daha 2 boksçumuz mübarizəyə qoşulacaq. Murad Allahverdiyev Kevin Şumannla (Almaniya), Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirəcək.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.