Botanika İnstitutu: Ekspedisiyanın nəticəsi olaraq 100-ə yaxın herbari nüsxəsi hazırlanıb
Bakı, 5 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Herbari şöbəsinin əməkdaşları erkən yaz florasına aid bitkilərin floristik, sistematik, coğrafi, ekoloji metodlarla öyrənilməsi, həmçinin Herbari fondunun zənginləşdirilməsi məqsədilə Şabran rayonunda yayılan bəzi fəsilə və cinslərin monitorinqlərini aparıblar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Şabran rayonunun Dağbilici, Zağlı, Taxtalar, Qorgan, Əmirxanlı, Xəlfələr və Qazbabalı kəndləri ərazisində aparılan ekspedisiya zamanı 60-dan çox bitki nümunələri toplanılıb, əsasən meşə orta dağ qurşağı bitkiliyi tədqiq olunub, herbari materiallarının müqayisəli-morfoloji təhlili aparılaraq identifikasiya olunub.
Ekspedisiyanın nəticəsi olaraq 13 fəsilə, 23 cinsə, 26 növə aid 100-ə yaxın herbari nüsxəsi hazırlanıb. Həmin herbari materialları içərisində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən nadir növlərdən də (Crocus adami, Galanthus caucasica, Pyrus salicifolia, Rosa sosnovskyi və s.) var.