Botanika İnstitutunun əməkdaşları Şəki və Oğuzda çöl tədqiqatları aparıblar
Bakı, 3 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Geobotanika şöbəsinin əməkdaşları Şəki və Oğuz rayonlarında elmi tədqiqatlar aparıblar.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədqiqatlar Şəki rayonunda Baş-Küncüt və Çəldək kəndləri, Marxal və Şam meşələri, Oğuz rayonunda Muxas, Cahan kəndləri ətrafındakı meşə massivlərində reallaşdırılıb. Tədqiq olunan ərazilərin meşə massivlərində erkən yaz bitkilərinin yayılması öyrənilib, onların GPS koordinatları qeydə alınıb, fenoloji müşahidələri aparılıb, fotoları çəkilib, herbari nümunələri toplanılıb, eləcə də nadir növlərin vəziyyəti tədqiq edilib.
İlkin tədqiqat zamanı müəyyən olunub ki, ərazilərdə əsas ağac növləri fıstıq, palıd, vələs və cökədir. Tədqiq olunan meşə massivlərində ağacların yerüstü paylanmasının sıx olduğu müşahidə edilib. Tədqiqat nəticəsində məlum olub ki, Baş-Küncüt kəndi ətrafında fıstıq ağaclarının özünübərpa prosesi müsbət keçir. Nadir növ olan Qafqaz xədicəgülü (Galanthus caucasicus Grossh.) bitkisi Çəldək kəndi ətrafında meşə talalarında kiçik qruplar şəklində aşkar edilib. Növün bir kvadratmetrdə müxtəlif yaş vəziyyətində olan fərdlərinin sayı 12-dən 28-ə qədər hesablanmış və vəziyyəti qənaətbəxşdir.
Tədqiqat nəticəsində uzunsov ardıc (Junipers oblonga M. Bieb.) bitkisinin yayılmasının zonal xüsusiyyətli olduğu müəyyən edilib. Bu növ həm Şəki ərazisində (Kiş çayı yaxınlığında), həm də Oğuz rayonu ərazisində geniş formasiya əmələ gətirir və kol yarusunda da fraqmentar şəkildə rast gəlinir.