SİYASƏT
BÖYÜK BRİTANİYA PARLAMENTİ ÜZVÜNÜN BAKIYA SƏFƏRİ
Oktyabrın 9-da Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Bakıda səfərdə olan Böyük Britaniya parlamenti icmalar palatasının üzvü Con MakUilyamı qəbul etmişdir.
Nazirliyin mətbuat mərkəzinin verdiyi məlumata görə, görüş zamanı xarici siyasət idarəsinin başçısı ümidvar olduğunu bildirmişdir ki, bu səfər Azərbaycan ilə Böyük Britaniya arasında dostluq münasibətlərinin və parlamentlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edəcəkdir. O, parlament dostluq qruplarının bu prosesdə rolunu yüksək qiymətlnədirmişdir.
Sonra Vilayət Quliyev qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizama salınması üçün görülən tədbirlər, ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti, Azərbaycan qaçqınlarının ağır yaşayış şəraiti barədə məlumat vermişdir. O, bu məsələnin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə həll olunması üçün beynəlxalq ictimaiyyətin səylərinin vacibliyini də vurğulamışdır.
Qonaq Azərbaycan-Britaniya münasibətlərinin yüksək səviyyədə olduğunu nəzərə çarpdıraraq onların bir çox istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr, habelə beynəlxalq təşkilatlarda əməkdaşlığın dərinləşdirilməsi sahələrində də genişlənəcəyinə ümid bəslədiyini bildirmişdir.
Elə həmin gün Britaniya parlamentinin üzvünü baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qəbul etmişdir. Komitənin sədri Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, 1 milyona yaxin həmvətənimizin doğma ocaqlarından qovulması ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi barədə qonağa məlumat vermişdir.
Con MakUilyam ətraflı məlumata görə təşəkkür edərək demişdir ki, Azərbaycan qaçqınlarına kömək göstərilməsi, onların məşəqqətlərini yüngülləşdirilməsi üçün səylərini əsirgəməyəcəkdir.