BÖYÜK BRİTANİYADA KİÇİK VƏ ORTA SAHİBKARLIQ NECƏ İNKİŞAF EDİR?
Əvvəlcə qonaqlara ölkəmizdə sahibkarlıqla bağlı yaradılmış qanunvericilik bazası barədə məlumat verildi.
Britaniya Parlamenti Lordlar Palatasının üzvü, “Genezis İnişieytiv” təşkilatının sədri Lord Randall ölkəsində kiçik və orta sahibkarlığın səmərəli inkişaf etdirilməsi təcrübəsindən ətraflı söhbət açdı. O dedi ki, sahibkarlığın inkişafı son nəticədə iqtisadi göstəriciləri yaxşılaşdırmağa və yeni iş yerlərinin açılmasına gətirib çıxarır.
Qonaq onu da bildirdi ki, Böyük Britaniyada 3,8 milyon kiçik və orta sahibkarlıq müəssisəsi vardır. Onların hər biri dövlət tərəfindən dəstəklənir. Sahibkarlığın inkişaf mexanizmi yaradılmışdır. 500-ə qədər siyasətçi kiçik və orta sahibkarların səmərəli fəaliyyət göstərməsinə bilavasitə kömək edir. Müxtəlif partiyalardan olan siyasətçilər vasitəsilə sahibkarlarla 400 əlaqə xətti yaradılmışdır.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə qonaqlara bildirdi ki, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan üçün çox vacib problemdir. Çünki respublikamızda uzun illər planlı iqtisadiyyat mövcud olmuşdur. Həmin dövrdə kiçik və orta sahibkarlığı inkişaf etdirmək mümkün deyildi. O vaxt hər şey dövlət monopoliyasında idi.
Ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra sahibkarlıq sahəsində məqsədyönlü siyasət yeridilməyə başlandı. Dövlət mülkiyyəti tədricən özəl sektora verildi. Kiçik və orta sahibkarlıq inkişaf etdi. Hazırda ümumdaxili məhsulda özəl sektorun payı 70 faizdən çoxdur. Sənaye istehsalında bu rəqəm 50 faizi ötmüşdür. Kənd təsərrüfatında isə 90 faizdən yuxarıdır.
Sonra A.Rəhimzadə Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və 1 milyon əhalinin qaçqın və köçkün kimi düşərgələrdə yaşadığını, bu vəziyyətin müəyyən problemlər yaratdığını söylədi.
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində siyasi partiyalarda hər hansı fikir ayrılığı olmadığını bildirən A.Rəhimzadə onu da dedi ki, qarşıdakı 4 ildə respublikamızda 600 min yeni iş yeri açılacaqdır. Bu, əsasən, kiçik və orta sahibkarlıq obyektlərinin yaradılması hesabına olacaqdır. Söhbət zamanı ölkəmizdə sahibkarlar üçün yaradılmış imtiyazlardan da danışıldı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə də toxunuldu.