Böyük Britaniyanın nüfuzlu nəşri “SOCAR Capitalı” mükafatlandırıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Mərkəzi ofisi London şəhərində yerləşən Böyük Britaniyanın nüfuzlu “International Finance Magazine” (IFM) platforması tərəfindən maliyyə və biznes kateqoriyaları üzrə 2023-cü ilin qalibləri müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, qabaqcıl şirkətlərin strateji və funksional performanslarının təhlili əsasında hər il fərqli sektorlar üzrə qaliblərin elan olunduğu platformada bu il “SOCAR Capital” MMC “Fastest Growing Corporate Bond Issuer-Azerbaijan 2023” (Ən Sürətli İnkişaf Edən Korporativ İstiqraz Emitenti-Azərbaycan 2023) nominasiyasında mükafata layiq görülüb. Beləliklə, “SOCAR Capital” 2024-cü ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil ediləcək 11-ci mükafatlandırma mərasiminə dəvət olunub.
Artıq 10 ildir ki, mükafatlandırma tədbirlərini həyata keçirən IFM nəşri makro və mikro səviyyələrdə qlobal iqtisadi təhlil və araşdırmalar aparır, ölkələr və investorlar üçün orta və uzunmüddətli proqnozlar təqdim edir, eyni zamanda ekspert rəy və təkliflərindən ibarət məqalə-analitik yazılar hazırlayır.
Qeyd edək ki, jurnalın rəsmi veb-saytı Böyük Britaniyada ən çox ziyarət edilən 10 maliyyə veb-saytından biridir.