Böyük Britaniyanın “The London Post” xəbər portalında Azərbaycan səfirinin müsahibəsi yerləşdirilmişdir
London, 18 aprel (AZƏRTAC). Böyük Britaniyanın “The London Post” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun müsahibəsi yerləşdirilmişdir.
F.Qurbanov Azərbaycanın yaxın gələcəkdəki inkişaf strategiyası haqqında məlumat vermişdir. Bildirilmişdir ki, son illərdəki sürətli inkişafı hamıya məlum olan ölkəmiz regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcəkdir. İqtisadiyyat, diplomatiya, turizm və başqa sahələrdəki nailiyyətlərimiz daha da artacaqdır.
Azərbaycanın müasir təhsil sistemi haqqında məlumat verən səfir ölkənin Təhsil Nazirliyinin UNESCO, ISESCO, UNICEF, kimi beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.
F.Qurbanov Azərbaycanın gənclər siyasətindən, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan da bəhs etmişdir.
Səfir faktlar əsasında Azərbaycanın beynəlxalq müstəvidə möhkəmlənən rolu haqqında məlumatlar vermişdir. Bildirmişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Avropa Şurası Nazirlər Komitəsinə may ayında başlanacaq sədrliyi, birinci Avropa Oyunlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünya birliyinin etibarlı üzvünə çevrildiyinin əyani göstəricisidir. Diplomat qeyd etmişdir ki, Azərbaycan ərazisi tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların görüş nöqtəsi olmuşdur. Hazırda ölkəmiz mədəniyyətlərarası və dinlərarası əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.
Diplomat Azərbaycanın mehriban qonşuluq siyasətindən danışmış, enerji, ticarət və bir çox başqa sahələrdə Avropa dövlətləri ilə sıx əməkdaşlıq edildiyi diqqətə çatdırılmışdır. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açmış, torpaqlarımızın 20 faizinin işğal altında olduğunu, Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını bildirmişdir.
Qeyd olunmuşdur ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi regionda sülh və əmin-amanlığın bərpasına və bölgənin daha da inkişafına şərait yaradacaqdır.
F.Qurbanov, həmçinin ölkəmizdə insan resurslarının inkişafı sahəsində görülən işlər haqqında məlumat vermişdir.
Müsahibənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://thelondonpost.net/interview-with-h-e-mr-fakhraddin-gurbanov-ambassador-of-azerbaijan-to-the-uk/
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London