BÖYÜK SÖZ USTASININ YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR
Teatrın direktoru Arif Qazıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gecədə Milli Məclisin deputatları, şair Zəlimxan Yaqub, xalq artisti Mikayıl Mirzə, Azərbaycan MEA-nın müxbir üzvü, professor Vasim Məmmədəliyev, xalq şairi Söhrab Tahir və digər natiqlər çıxış edərək, Məmməd Arazın 50 ildən çox müddət ərzində çağdaş Azərbaycan poeziyasını zənginləşdirən fəlsəfi lirikasından, onun istedadının, təfəkkürünün məhsulu olan yüzlərlə şerinin milyonların qəlbinə yol taparaq özünə və şairə əbədi yaşamaq hüququ qazandırmasından danışmış, bu gözəl insanla bağlı xoş xatirələrini söyləmişlər.
Onlar vurğulamışlar ki, doğma yurda məhəbbət, onun qəhrəmanlıq ənənələri ilə zəngin olan keçmiş tarixinə və bu gününə bağlılıq, adamlarımızın dolğun mənəvi aləmi Məmməd Araz yaradıcılığının, ilk növbədə, poeziyasının ruhunu, mayasını təşkil edir. Şairin poeziyası o qədər təmiz, o qədər səmimi, ürəkdən gələn hisslərin ifadəsidir ki, bu poeziya yaranışından öz axıcılığı, fəlsəfi lirikası ilə oxucuları özünə çəkir, onları məftun edir.
Şairin qızı İradə Tuncay atasının yaradıcılığına göstərilən diqqətə görə gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Gecədə Azərbaycan incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar oxunmuş, böyük söz ustasının şerləri səslənmişdir.