Böyük Vətən müharibəsi iştirakçıları üçün ayrılmış vəsait artıq köçürülmüşdür
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı brifinq keçirilmişdir.
DSMF-nin sədri Səlim Müslümov məlumat vermişdir ki, sərəncamın icrası ilə əlaqədar Maliyyə Nazirliyi tərəfindən DSMF-nin hesabına 8,7 milyon manat vəsait köçürülmüşdür. Həmin vəsaitdən 78 rayon və şəhər şöbələri, eləcə də Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti, o cümlədən Naxçıvan MR DSMF vasitəsilə 3 min 395 nəfər müharibə iştirakçısının hesabına 1 milyon 697 min 500 manat vəsait köçürülmüşdür. Onların 856 nəfəri Bakının müxtəlif rayonlarında, Abşeron və Sumqayıtda yaşayır.
S.Müslümov vurğulamışdır ki, 29 min 717 nəfərə 5 milyon 943 min 400 manat ödənilməsi üçün rayon şöbələrinin hamısının hesabına vəsait köçürülmüşdür.
Ümumiyyətlə, ayrılan 8,7 milyon manat vəsaitin 7 milyon 640 min manatı artıq öz təyinatı üzrə köçürülmüşdür. Hazırda DSMF-nin xəzinə hesabında 1 milyon 60 min manat vəsait qalmışdır. Əgər əlavə müraciətlər olarsa onların hamısının hesabına bu vəsaitin köçürülməsi təmin ediləcəkdir.