Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş distant respublika müsabiqəsi təşkil edilib
Bakı, 23 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyi respublikanın uşaq incəsənət və rəssamlıq məktəblərinin şagirdləri arasında Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş distant (məsafədən) respublika müsabiqəsi keçirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin dünyada zorakılığa, imperializmə, bəşəriyyət üçün təhlükələrə, kütləvi insan tələfatına səbəb olan müharibələrə qarşı etiraz, həmçinin doğma Vətənə məhəbbət, Azərbaycan tarixinə, mədəni irsinə, milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin dəstəklənməsindən ibarətdir.
Müsabiqə rəsm və əl işlərindən ibarət olaraq iki qrup (I qrup I-II siniflər, II qrup: III-IV siniflər) üzrə keçirilir.
Rəsm və əl işlərinin mövzusu Böyük Vətən müharibəsində faşizmə qarşı dünya xalqlarının, xüsusilə Azərbaycan xalqının, onun mərd insanlarının arxa və ön cəbhədəki fədakarlıqlarının tərənnümünə həsr olunub.
Rəsm işləri kağız, kətan və digər materiallar üzərində A3 formatda olmalıdır. Müsabiqəyə istənilən texniki üsullarla (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsm əsərləri və əl işləri qəbul olunur. Hər bir tədris müəssisəsindən cəmi 8 ədəd rəsm əsəri və əl işi qəbul edilir və hər bir iştirakçı fərdi olaraq müsabiqəyə maksimum iki əsər təqdim edə bilər.
Müsabiqə distant (məsafədən) keçirilir, iştirakçının rəsm əsərləri və əl işlərinin fotosu, doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti, anket - ərizə bir elektron qovluğa yerləşdirilərək mayın 1-dək Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elektron poçt ünvanına [email protected], göndərilməlidir.