BÖYÜK VƏTƏN MÜHARİBƏSİNİN BAŞLANMASININ 65 İLLİYİNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Tədbiri Respublika Müharibə, Əmək Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Baloğlan Rüstəmov açaraq, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının ön və arxa cəbhələrdəki xidmətlərindən bəhs etmiş, azərbaycanlıların göstərdikləri qəhrəmanlıqlardan danışmışdır. Qeyd etmişdir ki, azərbaycanlılar bu müharibədə öz qanları ilə qəhrəmanlıq salnaməsi yaratmışlar. Neçə-neçə oğul və qızlarımız ən ali mükafatlara layiq görülmüş, orden və medallarla təltif olunmuşlar.
İstefada olan polkovnik, Böyük Vətən müharibəsi veteranı İsmayıl Vəliyev 1941-1945-ci illər müharibəsinin tarixi xronikasını xatırlatmış, müharibə illərində azərbaycanlılardan təşkil olunmuş diviziyaların döyüşlərdə göstərdikləri fədakarlıqdan, Qələbənin qazanılmasında Azərbaycan neftinin əhəmiyyətindən bəhs etmişdir. Böyük Vətən müharibəsi veteranları Mirzəcan Məmmədov, Palina Qafarova, Abdulhüseyn Baxşıyev, İsrafil İsmayılov və başqaları çıxış etmiş, o qanlı–qadalı illərlə bağlı xatirələrini danışmışlar.
Müdafiə Nazirliyinin əməkdaşı, əməkdar incəsənət xadimi, polkovnik-leytenant Abdulla Qurbani tədbirin əhəmiyyətindən və xalqımızın qəhrəmanlıq tarixindən söhbət açmışdır.
Yığıncaqda müharibə illərində yazılmış şeirlər və bəstələnmiş mahnılar dinlənilmiş, xalqımızın qəhrəmanlığından bəhs edən filmlərdən fraqmentlər və fotosərgi nümayiş etdirilmişdir.