BQXC-nin fəaliyyətsizliyi sərt şəkildə qınanmalıdır - AÇIQLAMA
Bakı, 30 avqust, Ayla Aktar, AZƏRTAС
Bu gün Beynəlxalq İtkinlər Günüdür. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın 20 faizi işğal olundu, 4 minə yaxın vətəndaşımız itkin düşdü. Bu istiqamətdə beynəlxalq təşkilatlar məlumatlandırılsa da, hər zamankı kimi ikili yanaşmanın şahidi olduq. Belə təşkilatlardan biri də Beynəlxalq Qızıl Xaç Cəmiyyətidir (BQXC). Onun əsas vəzifəsi itkin düşmüş şəxslərin aşkarlanması, axtarılması olsa da, bu istiqamətdə, demək olar ki, heç bir ciddi iş görmədi. Otuz il ərzində torpaqlarımız işğal altında qaldı və Azərbaycan dövləti, xalqı öz həmrəyliyi ilə BMT-nin dörd qətnaməsini yerinə yetirdi.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi analitik, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri Alparslan İmamqulu deyib.
“BQXC-nin fəaliyyətsizliyi ən sərt şəkildə qınanmalıdır. Vəzifə borclarını unutduqları təşkilata xatırladılmalıdır”, - deyə A.İmanqulu bildirib.
Hərbi ekspert qeyd edib ki, BQXC Azərbaycan ərazisində obyektiv və ədalətli davranmaqdansa məsələlərə daha çox subyektiv baxıb və sanki dini təəssübkeşlik nümayiş etdirməkdədir. Bu, xoşagələn bir hal deyil. Bu da kifayət etməmiş kimi, BQXC vaxtaşırı ərazimizdə olan terrorçu qüvvələrə belə dəstək verməyə hazır görünən təşkilat görüntüsü sərgiləməkdədir. Çünki o, 30 il ərzində torpaqlarımızın işğal altında qaldığı dövrdə Azərbaycan maraqlarına uyğun heç bir fəaliyyət göstərməyib, məhz ərazilərimiz işğaldan azad olunduqdan sonra daha çox fəal görünməyə başlayıb. Bu təşkilatın ərazilərimizdəki revanşist, separatist qüvvələrə dəstəyi ilə özünü büruzə verməkdədir. Azərbaycan vaxtaşırı olaraq bu məsələdə öz iradlarını bildirməkdədir. Düşünürəm ki, yaxın zamanda onlar bu qanunsuz fəaliyyətlərə son qoyarlar. Çünki tutduqları hər bir ziddiyyətli davranış və mövqe onların vəzifə borclarına uyğun deyil.