Braziliyanın internet portalında Azərbaycanın Qələbə günü barədə məlumat verilib
Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Braziliyanın internet portalı “Espaco Caspio”da səfirlik və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi və ölkəmizə həsr olunmuş onlayn mühazirələr silsiləsinin ilk mühazirəsi ilə çıxış edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir E.Poluxov öz çıxışında 8 Noyabr - Zəfər Gününün xalqımız üçün tarixi əhəmiyyətindən və bu Qələbə gününə gətirən tarixi yollardan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə erməni işğalçılarına qalib gələn Ordumuzun Qələbəsinin arxasında bütün Azərbaycan xalqının iradəsinin dayandığını bildirilib. Qələbə günündən və keçmiş bir il ərzində azad olunmuş ərazilərdə aparılmış işlər haqqında dinləyicilərə ətraflı məlumat verilib.
Sonra E.Poluxov Braziliya-Azərbaycan münasibətləri haqqında söz açaraq, əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb. Bu əlaqələrin inkişafına, keçən həftə Azərbaycana səfər etmiş və bir sıra görüşlər keçirmiş, Braziliya Senatında Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Antonio Anastasiyanın verdiyi töhfədən də söz açıb. Milli Məclisdə, Xarici İşlər, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərində və digər rəsmi qurumlarda keçirilən görüşlərdə ölkələr arasında iqtisadi, siyasi və sair sahələri əhatə edən məsələlər müzakirə edildiyi bildirilib. Həmçinin senator Anastasiyanın Gəncə və Ağdam şəhərlərinə səfərləri nəticəsində yaranan ağır təəssüratlarını Azərbaycan mətbuatı ilə bölüşdüyü də mühazirə iştirakçılarının diqqətinə çatdırılıb.
Mühazirənin sonunda səfir E.Poluxov bu layihənin təşəbbüskarlarına minnətdarlığını bildirib və bunun Braziliya ictimaiyyətinin ölkəmiz ilə daha yaxından tanış olmağa xidmət etdiyini qeyd edib.
Sonda səfir izləyicilərdən daxil olan sualları cavablandırıb. AZƏRTAC-0-