Britaniyada partiya liderinin bəyan etmədiyi dəstək müzakirələrə səbəb olub
London, 6 iyul, AZƏRTAC
Böyük Britaniyanın Reform UK Partiyasının lideri Naycel Faraj ona yaxın şəxsdən aldığı bəzi dəstəyi parlamentə bəyan etməməsi ilə bağlı iddiaları rədd edərək, heç bir qanun pozuntusuna yol vermədiyini bildirib.
AZƏRTAC “The Sunday Times”a istinadla xəbər verir ki, Naycel Farajın uzunmüddətli müttəfiqi Corc Kottrell ona mühafizə və sosial media əməkdaşları ilə dəstək göstərib. Nəşr, həmçinin Naycel Farajın Corc Kottrellin Bukinqem Sarayı yaxınlığında kirayəyə götürdüyü daşınmaz əmlakdan istifadə etdiyini iddia edir.
Faraj isə bütün qaydalara əməl etdiyini bildirərək, bu iddiaların ona qarşı aparılan məqsədli kampaniyanın tərkib hissəsi olduğunu deyib.
Parlament qaydalarına əsasən, yeni seçilmiş deputatlar seçkidən əvvəlki 12 ay ərzində əldə etdikləri maliyyə maraqlarını və bəyan edilməli olan maddi üstünlükləri qeydiyyatdan keçirməlidirlər. Lakin sırf şəxsi hədiyyələr bu tələbə daxil deyil.
Bu məsələ ilə bağlı Liberal Demokrat Partiyasından deputat Coş Babarinde Parlamentin Standartlar üzrə Komissarına müraciət edərək Farajın fəaliyyətinin araşdırılmasını istəyib. O bildirib ki, Faraj Britaniya ictimaiyyəti qarşısında bu məsələyə aydınlıq gətirməlidir.
N.Faraj hazırda daha əvvəl qeydiyyata alınmayan 5 milyon funt sterlinqlik hədiyyə ilə bağlı da parlament araşdırması ilə üz-üzədir. O iddia edir ki, həmin vəsaiti deputat seçilməzdən əvvəl aldığı və bunun siyasi məqsəd daşımadığı üçün bəyan etməyə borclu olmayıb. Farajın komandası Corc Kottrell tərəfindən göstərildiyi iddia olunan nağdsız dəstəyin də eyni səbəbdən qeydiyyata alınmasının tələb olunmadığını bildirir.