Britaniyanın sabiq energetika naziri: Təmiz enerji sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensial var
London, 5 dekabr, AZƏRTAC
Böyük Britaniyanın sabiq enerji və iqlim dəyişikliyi naziri, həmçinin Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə keçmiş ticarət elçisi Çarlz Hendri iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətini dəyərləndirərək onun uzun illərdir güclü və davamlı olduğunu bildirib.
Çarlz Hendri AZƏRTAC-a açıqlamasında tərəfdaşlığın bu gün kifayət qədər sabit olduğunu deyib. O qeyd edib ki, əsas çağırış Britaniya şirkətlərinin Azərbaycana marağını daha da artırmaqdır: “Britaniyalı şirkətlərin iştirakı Azərbaycanın enerji resurslarından daha səmərəli istifadə olunmasına və ölkədə əlavə dəyərin yaradılmasına töhfə verə bilər. Çətinlik yalnız şirkətlərin Azərbaycana ilk dəfə səfər etməsidir, çünki bir dəfə gələn iş adamları ölkənin imkanlarını görərək yenidən qayıtmaqda maraqlı olurlar”.
Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Çarlz Hendri ənənəvi sektorlardan kənarda da mühüm imkanların mövcudluğunu qeyd edib. O xatırladıb ki, Azərbaycanın təmiz enerji üzrə yüksək ambisiyaları var və Böyük Britaniya bu sahədə mühüm töhfə verə bilər. Bununla yanaşı, o, əməkdaşlığın təkcə enerji ilə məhdudlaşmamalı olduğunu, sənaye və digər iqtisadi sahələrdə də balanslı və sabit tərəfdaşlığın qurulmasının vacibliyini bildirib.
Cənub Qaz Dəhlizi və Xəzər konnektivliyi barədə danışan Ç.Hendri Azərbaycanın burada strateji mövqeyə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan həm öz qazını və gələcəkdə elektrik enerjisini Avropa bazarına çıxarmaqda, həm də digər ölkələrin resurslarının tranzitində mühüm rol oynayır. O bildirib ki, beynəlxalq razılaşmalar həmişə zaman tələb edir, lakin irəliləyişin əldə ediləcəyi ümid olunur. Bu isə həm Xəzəryanı ölkələrin Avropa bazarlarına çıxışını genişləndirəcək, həm də Avropa üçün enerji təhlükəsizliyini gücləndirəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London