BU GÜN RUSİYA ÖLKƏ PREZİDENTİNİ SEÇİR
Rusiya Federasiyasının seçki qanunvericiliyinə əsasən, qeydiyyata alınmış seçicilərin 50 faizi səsvermədə iştirak edərsə, seçkilər baş tutmuş hesab olunacaqdır.
MSK-nın məlumatına görə, seçki prosesinə və səsvermənin gedişinə nəzarət etmək üçün Rusiyaya ATƏT, Avropa Şurasının Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası və digər təşkilatlardan 1000-ə yaxın beynəlxalq müşahidəçi gəlmişdir. 100 minlərlə Rusiya müşahidəçəsi də bu işdə iştirak edir.
Rusiya seçiciləri prezidentliyə namizədlər Vladimir Putinə, Sergey Mironova, Sergey Qlazyevə, Nikolay Xaritonova, Oleq Malışkinə, İrina Xakamadaya səs verə bilərlər.
Seçkilər barədə bütün informasiya Dörlət Avtomatlaşdırılmış Sistemi vasitəsilə Mərkəzi Seçki Komissiyasında yaradılmış “Seçkilər-2004” vahid informasiya mərkəzinə daxil olacaqdır. Rusiyada ilk dəfə olaraq elektron seçki qutularından istifadə olunur ki, bu da səslərin hesablanmasını 300 dəfə asanlaşdırır.
Seçkilərin gedişini “Seçkilər-2004” informasiya mərkəzində təxminən 1300 jurnalist işıqlandıracaqdır.
Bu gün Rusiyanın hüquq-mühafizə orqanları xüsusi rejimdə işləyir. Seçki məntəqələrinin mühafizəsinə nəzarət edilir, onların atiterror müdafiəsi gücləndirilmişdir.
Mərkəzi Seçki Komissiyası hər iki saatdan bir ictimaiyyətə seçkilərin gedişi barədə məlumat verəcəkdir.