Bu il Yevlaxda 7000 tondan çox pambıq istehsalı gözlənilir
Yevlax, 1 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən il hər hektardan orta hesabla 26,4 sentner "ağ qızıl" tədarük edən yevlaxlı pambıqçılar bu il 7000 tondan çox məhsul istehsal etməyi, hektarın orta məhsuldarlığını 30 sentnerə çatdırmağı qarşıya məqsəd qoyublar.
Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ildə rayonda 1780 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 550 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 2330 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Hazırda təxminən 10 gün sonra başlanacaq pambıq yığımına hazırlıq işləri görülür - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Rayonda sahələrin 90 faizində pambığın kombaynlar vasitəsilə yığılması nəzərdə tutulur. Pambıq yığımına 9 ədəd kombayn, 22 ədəd traktor, 51 ədəd qoşqu, 2 ədəd yükləyici cəlb edəcək.
Qeyd edək ki, 2019-cu ildə Yevlax rayonunda 2406,8 hektar sahədə pambıq becərilib, 6347,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 26,4 sentner olub.