Bu ilin sentyabrında Azərbaycan Tibb Universitetinin tələbələri üçün rezidenturaya qəbul imtahanları keçiriləcəkdir
Bakı, 10 mart (AZƏRTAC). Martın 10-da Azərbaycan Tibb Universitetində (ATU) rezidenturaya yeni qəbul qaydaları və şərtləri ilə əlaqədar universitetin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə VI kurs tələbələri ilə görüş keçirmişlər.
AZƏRTAC xəbər verir ki, görüşdə rezidenturaya yeni qəbul qaydaları və şərtləri ilə əlaqədar tələbələr məlumatlandırılmış, onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Universitetin rektoru Ə.Əmiraslanov bildirmişdir ki, “Təhsil haqqında” Qanunun qüvvəyə minməsindən sonra Azərbaycanda tibb üzrə diplomdan sonrakı rezidentura sisteminin bu ildən həyata keçirilməsi üçün qəbul qaydalarının müəyyən edilməsi məqsədi ilə Səhiyyə Nazirliyi, ATU və TQDK tərəfindən dünyanın müxtəlif ölkələrinin təcrübəsi əsasında respublikamız üçün uyğun sistem müəyyənləşdirilmişdir.
Yeni sistemlə bağlı tələbələrlə müntəzəm görüşlərin keçirildiyini vurğulayan rektor bildirmişdir ki, universitetin VI kursunu bitirən bütün məzunlarına həkim diplomu veriləcəkdir. Bu il universiteti bitirən tələbələrin 25-30 faizinin rezidenturaya qəbul oluna biləcəklərini diqqətə çatdıran Ə.Əmiraslanov bildirilmişdir ki, TQDK tərəfindən tibb ixtisasları üzrə aparılacaq qəbul imtahanlarında müsbət nəticələr əldə etmiş tələbələrin bölgüsünü Səhiyyə Nazirliyi həyata keçirəcəkdir. Rektor rezidenturaya imtahanlarda iştirak etmək istəyən oğlan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı məsələyə baxılacağını bildirmişdir.
Rezidenturaya qəbul qaydalarının ümumi müddəaları, ərizə qəbulu forması, ixtisas seçimi, müsabiqə şərtləri və hazırlıq işləri barədə danışan TQDK-nin sədri Məleykə Abbaszadə məlumatların komitənin internet saytında yerləşdirildiyini, gələn həftədən isə nəşr ediləcəyini vurğulamışdır.
Yerli və xarici mütəxəssislər və müəllimlərlə görüşlərin keçirildiyini vurğulayan komissiya sədri qəbulla bağlı müəyyənləşdirilmiş ixtisaslar haqqında məlumat vermişdir. Bildirilmişdir ki, rezidentura üçün təqdim olunan ixtisasların siyahısı və qəbul qaydaları TGDK-nın, ATU-nun və Səhiyyə Nazirliyinin saytında yerləşdirilmişdir.
Rezidentura üçün universiteti əvvəlki illərdə bitirmiş şəxslərin də müraciət edə biləcəyini söyləyən M.Abbaszadə imtahanların bu ilin sentyabrında keçiriləcəyini və rezidenturada təhsilin ödənişsiz olduğunu demişdir.
Komissiya sədri fənlər üzrə proqramların hazır olduğunu qeyd edərək, model test suallarının da kitabça şəklində çap olunacağını bildirmişdir. Model testlər tələbələrə biliklərini yoxlamaq və suallar barədə təsəvvür yaratmaq məqsədini güdür. Proqramlarda əsasən, tələbələrin asan əldə edə biləcəkləri ədəbiyyatların seçilməsinə xüsusi fikir verildiyini bildirən M.Abbaszadə sınaq imtahanlarının keçirilməsinin də nəzərdə tutulduğunu bildirmişdir.
Sonra universitetin tədris hissə müdiri Nəsimi Qasımov rezidenturaya qəbul olunmadan tələbələrin həkim kimi işləyə biləcəkləri ixtisasların siyahısı oxumuşdur. Qeyd olunmuşdur ki, ATU-nu bu il bitirən baza ali tibb təhsili əsasında müalicə işi fakültəsi üzrə 17, pediatriya fakültəsi üzrə 16, tibbi profilaktika üzrə 10, tibbi biologiya üzrə 3, stomatologiya üzrə 3 ixtisas üzrə rezidenturaya qəbul olunmadan həkim kimi işləmək mümkündür.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Universitetin VI kurs tələbələri - Jalə İbrahimova, Elçin Aslanov, Aysel Əhmədzadə ali tibb təhsilinin təkmilləşdirilməsi istiqamətində yeni sistemin əhəmiyyətini qeyd etmiş, rezidenturaya qəbul qaydalarının, şərtlərinin və prosedurunun, eləcə də imtahan vaxtının müəyyən olunması baxımından görüşün vacibliyini vurğulamışlar.